Silah qaçaqmalçılığı artıb Ermənistanda

15 Yanvar 2021 15:44 (UTC+04:00)

Ermənistanda bir cinayətkar dəstədən 43 Kalaşnikov avtomatı və yüzlərlə patron ələ keçirilib, cinayətkar dəstə ifşa edilib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidmətinın mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Milli Təhlükəsizlik Xidməti silahların qanunsuz şəkildə Dağlıq Qarabağdan Ermənistan ərazisinə keçirilməsində, saxlanılmasında bu cinayətkar qrupu təqsirli bilib.

Xüsusilə qeyd olunub ki, bir nəfər İrəvan sakini, 27 sentyabr 2020-ci ildən bəri Dağlıq Qarabağdakı döyüşlərdə iştirak edən bir könüllü olaraq, bir qrup şəxslə əvvəlcədən əlbir olub Qarabağdan Ermənistana qanunsuz şəkildə silah daşımaqda və İrəvandakı mənzilində qanunsuz olaraq saxlamaqda ittiham olunur. İttihamda qeyd edilir ki, 3 noyabr 2020-də döyüş silahı olan hər bir avtomatı 500-600 dollara satmaq barədə razılığa gəlib. Cinayət işi çərçivəsində onun mənzilində Kalaşnikov avtomatları, patronlar və digər qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb. Ayrıca, Sünik bölgəsinin Tex kəndindəki bir anbardan patron, pulemyot və digər qadağan olunmuş əşyalar ələ keçirilib. Ümumilikdə 43 Kalaşnikov avtomatı, 279 patron, eləcə də süngü, əl bombası və digər silahlar tapılıb.

Agentlik, vətəndaşları cinayət məsuliyyətindən yayınmaq üçün qanunsuz silahları könüllü olaraq təslim etməyə çağırır. Şübhəli bilinən və ya hansısa bir cinayətdə təqsirləndirilən şəxs, Ermənistan Cinayət Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada, qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən günahı sübuta yetirilənə qədər günahsız sayılır.