Kitabtoplama kampaniyasının təqdimatı keçirilib

15 Yanvar 2021 15:20 (UTC+04:00)

Mədəniyyət Nazirliyi və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası azad olunan rayonlarımızda işğaldan əvvəl fəaliyyət göstərmiş 900-dən artıq kitabxananın erməni vandalları tərəfindən tamamilə dağıdılaraq məhv edilmiş kitab fondlarının yenidən bərpası məqsədilə ziyalılardan, ayrı-ayrı təşkilatlardan, nəşriyyatlardan və bütün vətəndaşlardan kitab toplanması kampaniyasına başlayıb. Bu kampaniyaya qoşulan Xalq yazıçısı Elçin Milli Kitabxanaya gələrək öz şəxsi kolleksiyasından 500-ə yaxın kitabı işğaldan azad olunan kitabxanaların fondu üçün hədiyyə edib.

SİA-nın məlumatına görə, kitabların təqdim edilmə mərasimində Milli Kitabxananın direktoru Kərim Tahirov bu təşəbbüsün əhəmiyyətini vurğulayıb. Bildirib ki, kitabların təqdim edilmə mərasiminin keçirilməsi nəinki ölkəmiz, həm də bütün dünya üçün vacib olan bir məlumatdır. Çünki 30 illik işğal nəticəsində ərazilərimizdə mədəni abidələrimiz, kitabxanalarımız və külli miqdarda kitablarımız qalıb. Erməni vandalları bütün mədəni irsimizi dağıdıb. Ancaq 44 günlük müharibədən sonra Ali Baş Komandanın rəhbərliyi və şanlı Ordumuzun şücaəti nəticəsində torpaqlarımız işğaldan azad olunub və doğma əzəli Azərbaycan ərazisi öz sahibinə qaytarılıb.

Qeyd edib ki, azad olunan rayonlarda aparılan baxış zamanı məlum olub ki, ermənilər nəinki torpaqlarımızı ələ keçirmiş, hətta mədəni sərvətlərimizi, tarixi abidələrimizi viran qoyublar və işğal olunmuş torpaqlarda Azərbaycanın izini tamamilə silməyə çalışıblar. Kərim Tahirov söyləyib ki, Prezident İlham Əliyev Füzuli və Cəbrayıla səfəri zamanı ermənilərin dağıtdığı binaların yerində duraraq “Baxın ermənilər kimdir, onların xisləti nədir. Amma biz azərbaycanlılar buranı bərpa edəcəyik”, - deyə dünyaya müraciət edib.

Qeyd edib ki, Azərbaycan Milli Kitabxanası Mədəniyyət Nazirliyi ilə birlikdə dövlətimizin başçısının bu çağırışına qoşularaq dövlətə köməklik göstərəcəyini qərar verib: “Azad olunmuş torpaqlarda 975 kitabxana var idi və onların fondunda 4 milyon 600 min kitabxana olub. Buna görə də Azərbaycan xalqının üzərinə böyük bir missiya düşür. Biz Azərbaycan hökumətinə kömək etməliyik. Həmin kitabxanalar bərpa olunduqca onların fondu üçün indidən kitabtoplama kampaniyasına başlamalıyıq”.

Xalq yazıçısı Elçin çıxış edərək Ali Baş Komandan və Azərbaycan Ordusunun rəhbərliyi ilə qazanılan tarixi Qələbə haqqında fikirlərini bölüşüb. Yazıçı bildirib ki, ötən il insanlara çətinliklərlə bərabər, sevinc hissi də yaşadıb. Qeyd edib ki, Prezident İlham Əliyevin ortaya qoyduğu iradə və Ordumuzun şücaəti Qarabağı düşmən işğalından xilas edib. “Bu tarixi bir gündə məni sevinc hissi ilə yanaşı, dəhşət də basır. Elə bil insanın uzun illər qoruduğu kəhrəba içində saxladığı buğda zəmisindən çəyirtkə dəstəsi keçib. Bu erməni xislətinin göstəricisidir. Düşünürəm ki, həmin kitabxanalarda saxlanılan beş milyona yaxın kitab Azərbaycan dilində olduğu üçün yandırılaraq məhv edilib. Bu mədəniyyətə, mənəviyyata olan bir təcavüzdür”.

Yazıçı Mədəniyyət Nazirliyi və Milli Kitabxananın irəli sürdüyü bu təşəbbüsü əhəmiyyətli bir addım hesab edib və bu təşəbbüsün mənəvi bir axına çevrilməsini arzulayıb. “İnanıram ki, bir əsrə yaxın bir zamanda yaratdığımız bu kitabxanaları 3 ilə bərpa edəcəyik”,- deyə Elçin əlavə edib.

Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, bu təşəbbüsə Elçinin qoşulmasının böyük bir mənası, alt qatı var. Çünki onun kökü Qarabağdandır. Böyük İlyas Əfəndiyev öz əsərlərində Qarabağın tarixini onun koloritini olduqca gözəl təsvir edib, dilimizin şəhdi-şirəsinin gözəlliyini öz romanlarında əks etdirib. Onun davamçısı olan Xalq yazıçısı Elçin də öz əsərlərində Qarabağ sevgisini hər zaman büruzə verib.

Rəşad Məcid İlyas Əfəndiyevin “Şuşaya duman gəlib” povestini xatırladıb. Bildirib ki, o əsərin ab-havasında Şuşanın təbiəti, iqlimi necə təsvir olunmuşdu. Elçinin yazdığı “Bayraqdar” romanında da bu şəhərin kədərli, hüznlü məqamlarına toxunulub.

Rəşad Məcid Şuşada və Füzulidə yaradılacaq kitabxanalarda İlyas Əfəndiyev və Elçin Əfəndiyevin kitablarından ibarət ayrıca bir guşə açılması təşəbbüsünü irəli sürüb.

Sonda Kərim Tahirov Xalq yazıçısı Elçinə bu nəcib addımı üçün təşəkkür edərək, bütün Azərbaycan ictimaiyyətini, xaricdə yaşayan həmvətənlərimizi, ziyalılarımızı, yazıçı və şairlərimizi fəal şəkildə bu aksiyaya qoşulmağa çağırıb.

Qeyd edək ki, hədiyyə olunan kitablar sırasında Elçin Əfəndiyevin10 cildlik kitabları da var.