“Almaz” tamaşası onlayn göstəriləcək

15 Yanvar 2021 15:40 (UTC+04:00)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yazıçı-dramaturq Cəfər Cabbarlının "Almaz" pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşanı yanvarın 16-da saat 19:00-da sosial şəbəkədəki hesabları vasitəsilə onlayn nümayiş etdirəcək.

SİA-nın məlumatına görə, ikihissəli dramın yeni səhnə redaksiyasının müəllifi Əməkdar incəsənət xadimi Əli Əmirli, elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərovdur.

Səhnə əsərinin müəllifi Xalq artisti, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru Azər Paşa Nemətov, rejissorları Anar Sadıqov və Əlif Cahangirli, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir. Tamaşada Almaz rolunu Əməkdar artist Məsmə Aslanqızı canlandıracaq.

Digər rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Rafiq Əzimov, Hacı İsmayılov, Firəngiz Mütəllimova, Sabir Məmmədov , Kazım Abdullayev, Aslan Şirin, Əli Nur, Ayşad Məmmədov, Elşən Cəbrayılov, aktyorlar Rada Nəsibova, Mətləb Abdullayev, Vüsal Məmmədov və Ənvər Məmmədli ifa edəcək.

Qeyd edək ki, C.Cabbarlının 1930-cu illər dram yaradıcılığı "Almaz" pyesi ilə başlayır. Əsərin ilk tamaşası 1931-ci il aprelin 13-də göstərilib.