Büstlərini əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar Azərbaycan Prezidenti

15 Yanvar 2021 14:55 (UTC+04:00)

Dahi şəxsiyyətlərimizin büstlərini təhqir edəndən sonra onları əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar. SİA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev Şuşada hərbçilərlə görüşdən sonra çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Xurşidbanu Natəvanın büstünü Heydər Əliyev özü şəxsən açmışdır, 1992-ci ilin yay aylarında. Mən də o vaxt atamla birlikdə burada idim. Bax, buradan bir qədər aralı bir yerdə Xurşidbanu Natəvanın büstü qoyulmuşdu. Ermənilər dahi şəxsiyyətlərimizin büstlərini təhqir edəndən sonra onları əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar. Görün nə qədər alçaq keyfiyyətli insan olmalısan ki, tarixi şəxsiyyətlərin xatirə büstlərini güllə ilə vurasan, təhqir edəsən, sonra aparıb bunu əritmək istəyəsən. O vaxt Polad Bülbüloğlu bundan xəbər tutmuş və ulu öndər Heydər Əliyevə müraciət etmişdi. Görülmüş tədbirlər nəticəsində bu büstlər ermənilərdən alındı. Onu da açıq deməliyəm, pulla alındı. Satdılar onlar. Necə ki, hər şeyi satıblar ömrü boyu. Büstləri də biz pulla almışıq. O vaxt gətizdirdik və onlar İncəsənət Muzeyinin həyətində yerləşdirildi".