Pelosi: Tramp ölkə üçün təhlükə yaradır və vəzifəsindən kənarlaşdırılmalıdır

14 Yanvar 2021 01:19 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp "silahlı qiyam"ın səbəkarı oldu, ölkə üçün təhlükə yaradır və vəzifəsindən kənarlaşdırılmalıdır.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Nümayəndələr Palatasının spikeri Nensi Pelosi (demokrat, Kaliforniya ştatı) ABŞ dövlət başçısının impiçmentinə dair iclasda belə açıqlama verib.

"ABŞ prezidentinin bu iğtişaşı, ölkəmizə qarşı bu silahlı üsyanı başlatdığını bilirik. O getməlidir. O hamımızın sevdiyimiz ölkə üçün açıq və təcili bir təhlükə yaradır" - Pelosi deyib.

"Prezidentə impiçment tətbiq olunmalıdır. Hesab edirəm ki, prezident Senat tərəfindən təqsirli bilinməlidir. [İmpiçment] Bizə əziz olanı məhv etmək əzmindəki bir insandan ölkənin xilas olacağına zəmanət verən konstitusiya vasitəsidir" - spiker əlavə edib.

Xatırladaq ki, yanvarın 6-da Trampın tərəfdarları ABŞ Konqresinə girərək Cozef Baydenin qazandığı 3 noyabr prezident seçkilərinin nəticələrinin təsdiqlənməsinə mane olmağa çalışıblar. Konqresdəki Demokratlar Trampı qiyam qaldırmaqda günahlandırıb və onun hakimiyyətdən uzaqlaşdırılmasını istəyiblər.