Xalq artisti Səfurə İbrahimovanın mirası ətrafında mübahisə yaranıb FOTO

13 Yanvar 2021 17:41 (UTC+04:00)

Mərhum Xalq artisti Səfurə İbrahimovanın mirası ətrafında mübahisə yaranıb. SİA-nın məlumatına görə, bu haqda aparıcı Elgiz Əkbər proqramında deyib. O bildirib ki, aktrisanın qohumları onun mirasından pay istəyir.

Verilişə S.İbrahimovanın qardaşı qızı Könül də qatılıb. O bildirib ki, bibisi vəsiyyətnamə yazıb və mirasını ona qoyub: "Qohumlar düşüb üstümə ki, ona nə vaxt baxdın? Bibim xəstə olanda hamısını çağırdım ki, gəlin görün. Heç biri gəlmədi. Bibim onları görmək istəyirdi. Allah şahiddir ki, onun hər şeyinə özüm baxmışam. 24 saat gücüm çatanı etmişəm. Bibim mənə ana əvəzi olub. Onun ölümünü atama bildirmək istəmirdik. Amma hiss etdi. Onlara bir evdə baxırdım. Bütün günü otururdular, söhbət edirdilər.

Qohumlar öləndə heç onu götürməyə gəlmədilər. Öləndən sonra bibim dəbə düşüb. Bibim sağ olanda qohumlar deyirdi ki, sən ona qulluq edib, üzümüzü ağ edirsən. Amma indi hamısı düşmən olub.

Atam həyət evində yaşayırdı. Kapriz edirdi ki, evimi istəyirəm. Oturub ağlayırdım ki, bibimi apara bilmirəm, məcbur qalmalıyam. İki övladım da hərbçi idi. Bilmirdim bibimlə atamı düşünüm, yoxsa onları".

Qeyd edək ki, S.İbrahimovadan sonra qardaşı da dünyasını dəyişib.