BMTM ekspertinin Ceymstaun Fondunda Moskva görüşünə dair məqaləsi dərc olunub

13 Yanvar 2021 16:25 (UTC+04:00)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovun ABŞ-ın Ceymstaun Fondunun “Eurasia Daily Monitor” dərgisində “Ermənistan, Azərbaycan və Rusiya liderlərinin üçtərəfli sammiti” başlıqlı məqaləsi dərc edilib. Məqalə görüşün keçirildiyi regional siyasi kontekst və onun yekunlarına dair məlumat diqqətə çatdırır. Müəllif qeyd edir ki, yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Moskvada baş tutmuş görüş üç liderin 9 noyabr 2020-ci il tarixdə imzaladığı və 44 günlük İkinci Qarabağ Müharibəsinə son qoyan atəşkəs bəyannaməsinin mühüm davamı olub..

“Putin-Əliyev-Paşinyan zirvəsi, ilk növbədə 9 noyabr üçtərəfli bəyanatının doqquzuncu maddəsinə (yəni bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına və bölgədəki infrastruktur layihələrinin inkişafına) əsaslanan başqa bir sənədin imzalanması ilə başa çatdı. Dörd maddəlik yeni sənəddə Azərbaycan Respublikası və Ermənistan Respublikası baş nazir müavinlərinin və Rusiya Federasiyası hökumətinin sədr müavininin həmsədrliyi ilə bir işçi qrupu yaradıldığı elan edildi. İşçi qrupun keçən ilki atəşkəs bəyanatının 9-cu maddəsinin icrasını təmin etməli və fəaliyyət proqramını və onların həyata keçirilmə cədvəlini üç dövlət tərəfindən martın 1-dək ən yüksək səviyyədə təsdiqlənməsi üçün təqdim etməlidir. Sənəddə prioritet olaraq dəmir yolu və avtomobil rabitəsinin yaradılması və Azərbaycan və Ermənistan üzərindən beynəlxalq daşımaların və iki ölkənin bir-birinin əraziləri üzərindən yük tranzitinin təmin edilməsi göstərildi”, deyə müəllif yazıb.

Bildirilir ki, görüşdən sonra regionun gələcəyinə dair liderlər tərəfindən müsbət mesajlar verilib. Belə ki, Rusiya Prezidentinin daha əvvəl verdiyi bəyanatlara istinad edən Azərbaycan Prezidenti İlham Əliyev münaqişənin artıq keçmişdə qaldığını və indi regionun gələcək inkişafını müzakirə etməyin vaxtı çatdığını bildirib: “Ermənistan Baş Nazirinin bəyanatında münaqişənin hazırki mərhələsi ilə bağlı fikir ayrılığı ifadə edilsə də, o da nəqliyyat və iqtisadi əlaqələrin bərpasının bölgənin iqtisadi mənzərəsini tamamilə dəyişəcəyini elan etdi”.

Daha ətraflı: https://jamestown.org/program/trilateral-summit-of-armenian-azerbaijani-and-russian-leaders/