Yeni dəhlizin istifadəyə verilməsi hansı imkanlar yaradacaq? - ŞƏRH ÖZƏL

13 Yanvar 2021 16:25 (UTC+04:00)

"Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı birləşdirəcək dəhliz praktik olaraq çox önəmli rol oynayır. Bunun əsas səbəblərindən biri də bu dəhlizin Şərq-Qərb nəqliyyat dəhlizinə növbəti mərhələdə inteqrasiya olunmasıdır. Bu dəhliz Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını, daha sonra isə Türkiyəni birləşdirəcək". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Deputatın sözlərinə görə, nəticə etirbarilə Naxçıvandan keçməklə Türkiyə ilə yeni dəhliz formalaşacaq: "Bu da təbii ki, yüklərin quru və dəmiyol nəqliyatı ilə Naxçıvana və həmçinin Türkiyəyə daşınmasına imkan verəcək. Dəhliz Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya olunacaq. Bu da imkan verəcək ki, həm Naxçıvanda istehsal edilən məhsullar daha geniş bazara çıxarmaq mümkün olsun, eyni zamanda həmin dəhliz vasitəsilə daha çox sayda yükün daşınmasına imkan yaransın".

V.Bayramov vurğulayıb ki, bütövlükdə bu, beynəlxalq yükdaşımaların həcminin artmasına imkan verəcək: "Nəticədə Azərbaycan üzərindən beynəlxalq yükdaşımalardan daha çox valyutanın ölkəyə daxil olmasına imkan verəcək. Azərbaycanla Naxçıvanı birləşdirəcək yeni dəhlizin istifadəyə verilməsi növbəti mərhələdə həmin dəhlizin, xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiyası xüsusi imkanlar yaradacaq ki, bu da Azərbaycan iqtisadiyyatının inkişafı baxımından vacib nəqliyyat layihələrindən biri kimi qiymətləndirilməlidir".