Bölgədə yeni dövr başlayır MƏQALƏ

13 Yanvar 2021 15:20 (UTC+04:00)

Bölgədə yeni dövr başlayır – sabitlik və quruculuq dövrü. 2021-ci il yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin şəxsində dövlət başçılarının imzaladığı Üçtərəfli bəyanat regionda sabitliyin təmin olunması və geniş quruculuq işlərinə başlanması baxımından növbəti uğurlu addım oldu. Bu bəyanat bütövlükdə regionda iqtisadi, ticari, nəqliyyat və humanitar əlaqələrinin bərpasına xidmət edir. Bundan sonra tarixi əhəmiyyət daşıyan bu məsələlərin həlli ilə məşğul olmaq üçün hər üç ölkənin Baş nazirlərinin müavinləri səviyəsində birgə İşçi Qrupu yaradılacaq. Həmin İşci Qrupuna 2021-ci ilin martın 1-nə kimi konkret mexanizm və vaxt çərçivəsi müəyyən etməklə regionda kommunikasiyaların açılması, iqtisadi və ticarət əlaqələrinin bərpa olunması tapşırılacaq. Bu, həm region dövlətlərinin, o cümlədən Türkiyə, İran, Rusiya, Gürcüstan, Ermənistan və Azərbaycanın, həm də digər dövlətlərin mənafeyinə uyğundur.

Artıq Azərbaycanın bir çox siyasətçiləri və millət vəkilləri bu üçtərəfli bəyanatı Azərbaycanın strateji maraqlarına uyğun sənəd kimi dəyərləndiriblər. Millət vəkili Hikmət Babaoğlu bildirib ki, 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanat bizi strateji hədəflərimizə daha da yaxınlaşdırdı və regionda sabitliyin və təhlükəsizliyin davamlı olması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilməlidir.

Milli Məclisin sədr müavini Adil Əliyev isə deyib ki, Azərbaycanın döyüş meydanında qazandığı qələbə diplomatik meydanda davam etdirildi. Ermənistanın baş naziri Nikol Paşinyan mətbuata açıqlamasında aydın şəkildə erməni diversant- terrorçularının azad edilməsi məsələsini qaldırsa da bu məqsədinə nail olmadığı üçün görüşdən məyyus şəkildə ayrıldı. Eyni zamanda, əldə edilən uğurlu nəticə ilə gürüşlə bağlı qabaqcadan məntiqsiz fikirlər söyləyən, uğurlarımıza kölgə salmağa cəhd edən bütün antimilli qüvvələrə də ziddi zərbə vurulmuş oldu.

İndi artıq bölgədə dinc quruculuq və inkişaf dövrü başlayıb. Azərbaycan ilk növbədə Erməni millətçiləri tərəfindən işğal edilmiş bütün torpaqlarda yerlə-yeksan edilmiş binaları, tarixi abidələri, məscidləri, qəbirləri, məzarlıqlari və digər dağıntıya məruz qalmış obyektlərin hamısını bərpa etmək üçün dinc şərait və imkan qazanır. Digər tərəfdən 30 il blokada vəziyyətində qalan Naxçıvanla birbaşa avtomobil və dəmiryolu əlaqəsi yaranır ki, bu da Muxtar Respublikanın inkişafı, gediş-gəliş və yükdaşımaları ilə bağlı problemlərin aradan qalxması deməkdir. Azərbaycanla Naxçıvan arasında nəqliyyat dəhlizinin işə düşməsi həm də Türkiyə ilə Naxçıvan vasitəsilə quru əlaqələrimizin yaranması deməkdir. Bu xəttin işə düşməsi nəticəsində Türkiyənin Azərbaycan üzərindən türk dünyasına asan çıxışı təmin ediləcək.

Digər bir tərəfdən isə, Azərbaycan İpək yolu marşurutu üzrə ikinci alternativ dəhliz qazanır. Əgər bu dəhliz açılarsa, ölkəmiz Gürcüstandan əlavə, ikinci, lakin daha qısa yolla yükləri beynəlxalq bazarlara daşımaq imkanı qazanacaq.

Həmin Üctərəfli bəyanat imzalanandan sonra dövlət başçılarının keçirdiyi birgə mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin öz bəyanatında deyib: ”Bugünkü görüşü son dərəcə vacib və faydalı hesab edirəm, çünki razılığa gələ bildik və bölgədəki vəziyyətin inkişafına dair birgə bəyanat imzaladıq”.(Bax: ”Respublika” qəzeti, 12 yanvar 221-ci il,№06(6902), səh.2.). Daha sonra Rusiya prezidenti əmin olduğunu bildirib ki, bu razılaşmanın icrası həm Ermənistan, həm də Azərbaycan xalqlarına fayda verəcək və heç şübhəsiz, bütövlükdə regiona, deməli, Rusiya Federasiyasının mənefeyinə də fayda verəcək. Azərbaycan prezidenti İlham Əliyev öz bəyanatında təsdiq etmişdir ki, regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün bu görüş çox vacib idi. O demişdir: ”Bu gün imzalanmış bəyanat regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmləndirə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar”.

Daha sonra Azərbaycan prezidenti xüsusi olaraq vurğulamışdır: ”Bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmləndirmək haqqında düşünməliyik”.

Ermənistanın baş naziri Nikol Paşinyan isə yenə də, həmişəki kimi, nala-mıxa vuraraq bir daha öz bəyanatında əslində ermənilər tərəfinən yaradılmış bir çox problemlərə,o cümlədən status və hərbi əsirlər məsələsinə toxunaraq qeyd etmişdir ki, təəssüf ki, bu münaqişə hələ nizamlanmayıb. O deyib: ”Münaqişə qalır. Əlbəttə, biz atəşkəs rejimini təmin etməyə nail olmuşuq, lakin hələ həll edilməli olan çox məsələ qalır. Bu məsələlərdən biri Dağlıq Qarabağın statusu məsələsidir. Əlbəttə, Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində, o cümlədən bu məsələyə dair danışıqları davam etdirməyə hazırdır”.(Bax, yenə orada).

Daha sonra Nikol Paşinyan Azərbaycanı günahlandırmaq məqsədi ilə qeyd edib ki, təəssüf ki, biz bu günə qədər hərbi əsirlər məsələsini də həll edə bilməmişik və bu, ən həssas və ağrılı məsələdir. Ona görə ki, bu, humanitar məsələdir. Biz bu istiqamətdə işi davam etdirmək barədə razılığa gəlmişik. Lakin hesab edirik ki, konkret olaraq bizim birgə Bəyanatın 8-ci bəndi (yəni hərbi əsirlər məsələsi), təəssüf ki, yerinə yetirilmir”.

Bütün bunlarla bərabər Nikol Paşinyan da imzalanan bəyanatı çox vacib sənəd sayıb və gizlətmirəm ki, bu bəyanatdakı razılaşmaların reallaşması baxımından regionun iqtisadi obrazını və simasını sadəcə, dəyişə bilər. İqtisadi yeniliklər təhlükəsizliyin daha etibarlı qarantiyalarına gətirib çıxarda bilər və biz, əlbəttə, bu istiqamətdə konstruktiv iş aparmağa hazırıq”-şəklində fikirini irəli sürüb.

Ekspertlər bildirirlər ki, Paşinyanın belə kələ-kötür fikirlər söyləməsi Ermənistanda yaranmış ciddi qarşıdurma ilə əlaqədardır. Paşinyanın həmin görüşdə iştirakının qarşısını almaq üçün erməni müxalifəti küçələrə axışmış, hətta, İrəvanda aeroporta gedən yolu da bağlamışdı. Son ana qədər Ermənistan müxalifəti və Rusiyadakı çoxsaylı erməni lobbisi hər vasitə ilə görüşün pozulmasına çalışmış, lakin buna nail ola bilməmişdi.

Göründüyü kimi, hadisələrin inkişafı təbii şəkildə Azərbaycanın xeyrinə olan səmtə doğru gedir. Lakin bir çox məsələlər Azərbaycan ictimaiyyətinin diqqət mərkəzindədir və onu narahat edir.

Bir məsələ odur ki, Rusiya sülhməramlıları öz işinin öhdəsindən gələ bilirlərmi?

11 yanvar Üçtərəfli sazişi imzalanarkən Rusiya prezidenti mətbuat konfransında bildirdi ki, biz 2020-ci ilin 9 noyabrında imzalanmış birgə bəyanat -razılaşmanın şərtlərinə ümumilikdə riayət edildiyi, heç bir ciddi insidentin qeydə alınmadığı qənaətinə gəldik. V.Putin qeyd edib ki, Rusiyanın sülhməramlı qrupu hər iki tərəf qarşısındakı öhdəliklərini tam şəkildə yerinə yetirir. “Bugünkü görüşümüzün əvvəlində qeyd etdiyim kimi 48 mindən artıq köçkün və qaçqın tam şəkildə artıq Dağlıq Qarabağa qayıdıb. İnfrastruktur, energetika, yaşayış binaları, sosial infrastrukturun bərpası üçün davamlı iş aparılır”-deyə o, öz fikrini yekunlaşdırıb.

Lakin nədənsə nə Rusiya prezidenti Vladimir Putin, nə də Ermənistan baş naziri Nikol Paşinyan hələ də Hadrut meşələrində erməni terrorçularının gizlənməsi, terrorçuluqla məşğul olması məsələsinə toxunmadı. Azərbaycanın hüquq mühafizə orqanları terrorçuları tutub Rusiya sülhməramlılarına təhvil verir, onlar isə bilinmir ki, cinayət törətmiş belə şəxslərlə necə rəftar edirlər, onları hara yola salırlar. Ona görə də terrorçuların sayı Dağlıq Qarabağda azalmır. Gərək həmin Üçtərəfli sazişdən sona verdiyi bəyanatında Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda qalan və terrorçuluq fəaliyyəti ilə məşğul olan erməni birləşmələrinin hərəkətinə də hüquqi qiymət verəydi.

Digər məsələ Xocalı aeroportu məsələsidir. Rusiya sülhməramlıları Rusiya-Xocalı uçuşlarını həyata keçirmək üçün Xocalı aeroportunu istifadəyə verməyə hazırlaşır. 2021-ci il yanvarın 10-da aeroportun açılışı gözlənilirdi. Erməni tərəfi bunu onunla əsaslandırırdı ki, Ermənistan Türkiyə və Azərbaycan təyyarələrinin uçuşuna icazə verdiyi üçün üçtərəfli sazişə əsasən, öhdəliyini yerinə yetirib. Azərbaycan da Xocalı hava limanından uçuşlara icazə verməlidir. Əks halda, Azərbaycan bəyannamədə göstərilən kommunikasiyaların açılması barədə bəndi pozmuş olacaq.

Əgər Azərbaycan tərəfi Xocalı Aeroportunun fəaliyyətinə icazə verməsə, hansı öhdəliyi pozmuş olur?

Bu suala hüquqşünas və politoloqlar fərqli yanaşır. Milli Məclisin üzvü Asim Mollazadə bildirib ki, Xocalı aeroportunun Azərbaycana məxsus olması Beynəlxalq Aviasiya qurumu tərəfindən təsdiq edilib. Bu aeroportun kimin və nə zaman istifadə edəcəyini Azərbaycan özü müəyyənləşdirməlidir. Azərbaycan və Rusiya arasında iki tərəfli razılaşma əsasında hansısa yüklər daşına bilər. Ermənistanın isə Xocalıya heç bir aidiyyatı yoxdur. 9 Noyabr 2020-ci il razılaşmasında Naxçıvanla Azərbaycan arasında kommunikasiyaların açılması barədə bənd var, lakin Xocalı haqqında heç nə yoxdur. Azərbaycan daim Cənubi Qafqazda sülh platformasının təşəbbüskarı kimi kommunikasiyaların açılmasına tərəfdar olub. Azərbaycan Prezidenti də dəfələrlə kommunikasiyaların açılmasının və regionda əməkdaşlığın tərəfdarı olduğunu bəyan edib. Lakin bu proses Ermənistan tərəfindən Azərbaycan, Türkiyə və Gürcüstana qarşı ərazi iddialarına son qoyulduqdan sonra baş tuta bilər.

Rusiya sülhməramlıları bölgədə bir sıra məsələlərin həllini öz öhdəsinə götürdüyünə görə, Xocalı aeroportundan istifadə edilməsi nəzəri, hüquqi cəhətdən mümkündür. O ki qaldı Rusiya təyyarələrinin Xocalıya enməsinə, bu hələlik mümkün deyil, ona görə ki, həmin aeroportun işlək hala gəlməsi üçün milyonlar lazımdır.

Millət Vəkili Razi Nurullayev qeyd edib ki, Xocalı Azərbaycan ərazisidir, 10 noyabr 2020-ci il sazişində də bu haqda heç nə deyilmir. Rusiya ilə Azərbaycan arasında aviasiya sahəsində ikitərəfli müqavilə imzalanıb. Təbii ki, Rusiyadan Xocalıya təyyarələr uça bilər. Lakin Ermənistandan hələlik uça bilməz. Bunun üçün Qarabağdakı bütün separatçı rejim quldurları silahı yerə qoymalıdır. Xocalı hava limanı Azərbaycan Hava Yollarının nəzarəti altında fəaliyyətə başlaya bilər. Hələlik müvafiq dövlət strukturunun açıqlamasını gözləmək lazımdır.

Hüquqşünas Ələsgər Məmmədli isə bildirib ki, beynəlxalq uçuşlarla bağlı hər bir ölkəyə beynəlxalq kodlar verilir. Hər bir ölkənin öz ərazisi üzərindən uçuşa icazə verməsi həmin ölkənin suveren hüququdur. Əgər 2020-ci ilin dekabr ayında Azal Xocalıya beynəlxalq kod veribsə, bu zaman uçuşlar Azərbaycanın iradəsi xaricində ola bilər. Böyük ehtimalla ermənilərin iddiaları reallaşa bilər. Rusiya açıqlama yayıb ki, Gəncə və Yerevan çox uzaqdır, Xocalı aeroportu vasitəsi ilə yüklərin daşınması məqsədəuyğundur. Bu məqsədlə Xocalı aeroportu yenidən qurulur. Əgər Azərbaycan nəzarət etməsə, oraya bilinməyən yüklər gətiriləcək.

Xocalı Hava Limanı və ya Xankəndi Hava limanı Xankəndi şəhərindən 10 kilometrlik məsafədə yerləşir. O aeroport 2009-2012-ci illərdə əsaslı təmir olunub. Beynəlxalq hava limanı şəkilində istifadəyə hazır olsa da, Azərbaycanın qəti etirazları bu istiqamətdə uçuşlara imkan verməyib. Bu səbəbdən hava limanı Beynəlxalq Hava Nəqliyyatı Agentliyi və BMAT tərəfindən verilən xüsusi kodlara malik deyil. Dağlıq Qarabağ münaqişəsinə qədər İrəvan-Stepanakert reysləri həyata keçirilib.1990-cı il avqustun 1-də İrəvan Xankəndi reysi ilə uçan “Yak-40” təyyarəsi qəzaya uğrayıb, 39 sərnişin, 4 ekipaj üzvü həlak olub. Xocalının işğalından sonra hava limanı dağılıb. Azərbaycan birinci növbədə hava limanında bütün nəzarəti öz əlinə almalıdır. İndi Azərbaycan Füzulidə yeni beynəlxalq aeroport tikməyi planlaşdırır.

Eyni zamanda Azərbaycan Ağdamdan Şuşaya yeni avtomobil yolu çəkir. Millət vəkili Aqil Abbas belə bir sual verir: ”Şuşaya niyə yeni yol çəkməliyik? Niyə biz Şuşaya Füzulidən 120 kilometr yol çəkməliyik? Bizim Ağdamdan Şuşaya 37 kilometrdir, ikinci, bizim Ağdamdan Kəlbəcərə təxminən 82 kilometrdir. Amma ora Murovdan yol çəkilir, niyə Ağdamdan getməməliyik?

Millət vəkili Aqil Abbas daha sonra deyib: ”Sizə bir faktı dəqiq deyirəm. Ağdam ərazisində Xoramuz kəndi var, ermənilər yaşayır, Onlar gərək Əsgərandan gəlib, Ağdamdan keçib gedələr. Necə olur ki, ermənilərə orada şərait yaradılır və onlar Ağdamdan Xoramuza gedə bilirlər, amma mənə şərait yaratmırlar ki, Ağdamdan qısa yolla Şuşaya gedim. Ya da Ağdərədən keçib Murova gedim. Mən Murovun yollarını görmüşəm, O yollarda hər an qəza hadisəsi olur. Balaca bir asfalt yoxdur, maşın hər an aşa bilər. Niyə mən ora Ağdərədən getməliyəm? O cümlədən mən niyə Əsgərana keçib, Xocalıma, Laçınıma getməyim? Dövlət birinci növbədə bunu həll etməlidir.” İkinci, guya Xocalıda ev tikirsən, guya infrastruktur yaradırsan, niyə Xocalılılar Xocalıya köçürülməməlidir? Qardaş, 30-40 min ermənini qaytarırsınız bizim o yerlərə, qaytarın, amma bizi də kəndimizə qaytarın. Bizim camaatımız o yerlərə qayıtmaq üçün ölürlər”.(Bax: ”Həftə içi”qəzet,7-8 yanvar 2021-ci il,№,səh.2.).

Millət vəkili Sabir Rüstəmxanlı da bəzi məsələlərdən narazıdır. O deyib: ”Xan kəndi və onun çevrəsində gedən bəzi məsələləri normal hesab etmirəm. Sülhməramlılar Qarabağda statusu olmayan bir qurumun cinayətkar rəhbəri ilə necə görüşə bilərlər? Sülhməramlılar ermənilər üçün milyonlarla xərc tələb edən bir şərait yaradırlar. Təbii ki, bu, Azərbaycan ərazisində baş verir və ermənilərin orada məskunlaşması üçün ələrindən gələni edirlər. Ermənilərə yardım edildiyi kimi Azərbaycan əhalisinə də yardım edilməlidir”.(Bax, yenə orada).

Sabir Rüstəmxanlı deyib ki, əslində Laçın koridoru erməniyə xidmət etdiyi kimi bizə də xidmət etməlidir. Laçın koridoru Ağdama və Əsgərana kimi gəlir.

Hadrut meşələrində gizlənən erməni terrorçularına qarşı antiterror əməliyyatları aparılır. Bu sahədə də problemlər çoxdur.

Başqa bir məsələ isə odur ki, hələlik Qarabağda Xocalı, Xankəndi, Xocavənd, Ağdərə və Əsgəran bizim nəzarətimizdən kənarda qalıb. Azərbaycan vətəndaşları, məcburi köçkünlər oraya qayıda bilmir.

Aqil Abbas “Həftə içi” qəzetinə verdiyi müsahibəsində Azərbaycanın Müdafiə Nazirliyinin fəaliyyətini tənqid edib. O deyib: Müdafiə Nazirliyi öz vəzifəsini yerinə yetirə bilmir. Ona görə ki, Müdafiə Nazirliyinin elə mətbuat xidməti var ki, dünən səhər 03:30-da olan hadisə ilə bağlı bu gün səhər 12:00-da məlumat bildirir. Ona qədər də ölkə dağılır, sosial şəbəkələr dağılır”.

Bakının Azadlıq meydanında 10 dekabr 2020-ci ildə keçirilmiş Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında Azərbaycan Prezidenti İlham Əliyev müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanmış tərəf olaraq Ermənistan rəhbərliyinə və erməni xalqına bir çox əhəmiyyətli mesajlar göndərdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər paradından sonra jurnalistlər üçün təşkil edilmiş mətbuat konfransında demişdir. “Bu gün Türkiyə ilə Azərbaycan birliyi təkcə xalqlarımız üçün deyil, bölgə üçün, dünya üçün çox böyük önəm daşıyır. Çünki bizim siyasətimiz əməkdaşlığa, ölkələr arasındakı işbirliyinə hesablanıb. Bu tarixi Zəfərdən sonra başlanan yeni dövr üçün də biz tam hazırlıqlıyıq. Bu gün əziz Qardaşımla söhbət əsnasında, eyni zamanda, bundan sonrakı dövr haqqında da fikir mübadiləsi apardıq. Bizim fikirlərimiz üst-üstə düşür. Biz bölgədə yeni bir işbirliyi platformasını yaratmalıyıq. Artıq ilkin bəyanatlar verildi. Bu, çoxtərəfli platforma ola bilər. Bu işbirliyi platformasında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər”. Bax: https://azertag.az/xeber/Azerbaycan_ve_Turkiye_prezidentleri_metbuata_birge_beyanatlarla_chixis_edibler_YENILANIB_VIDEO-1663161

Azərbaycan Prezidenti bu iş birliyinin mexanizmini də geniş təhlil etmiş və bunun mümkün olduğunu bəyan etmişdir. O demişdir: ”Ənənəvi Türkiyə-Azərbaycan-Gürcüstan işbirliyi var. Eyni zamanda, Azərbaycan-Rusiya-İran işbirliyi var. Türkiyə-Rusiya-İran işbirliyi var. Yəni, bütün bu işbirliyi platformalarını biz ümumiləşdirib vahid platforma kimi təqdim edə bilərik. Əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa və öz əsassız iddialarından əl çəkərsə və gələcəyə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər. Biz buna açığıq və müharibədən sonra Azərbaycanın mövqeyi və verilən bəyanatlar bunu deməyə əsas verir. Biz bu səhifəni bağlamalıyıq, biz bu ədavətə son qoymalıyıq”. Daha sonra Azərbaycan prezidenti Ermənistan rəhbərliyinə praqmatik olmağı və illüziyalara qapılaraq bəzi beynəlxalq təçkilatların və xarici dövlətlərin, o cümlədən Fransa, Yunanıstan və s. kimi bölgəyə təsiretmə imkanları olmayan qüvvələrin fikirlərinə və təsirinə uymamağı məsləhət görüb. O qeyd edib ki, bu müharibənin təşəbbüskarı biz olmamışıq. Biz, sadəcə olaraq, 30 il ərzində beynəlxalq təşkilatlardan dəstək gözləyirdik, Minsk üçlüyündən dəstək gözləyirdik. Gözləyirdik ki, onların qəbul etdikləri BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilsin. Ancaq bu, olmadı. Sadəcə olaraq, nə hərb, nə sülh vəziyyəti davam edirdi, "status-kvo" davam edirdi. Biz bu status-kvonu hərb yolu ilə dəyişdirdik, düşməni torpaqlarımızdan çıxardıq, onlara çox böyük zərbə vurduq, onların ordusunu məhv etdik, onların əsas ideoloji sütunlarını məhv etdik. Amma ondan sonra nə etdik? Ondan sonra söylədik ki, biz işbirliyinə hazırıq. Biz yeni bir işbirliyi formatını təşkil etməklə gələcəkdə bölgəmizdə müharibə riskini sıfıra endirə bilərik”. (Yenə orada)

Azərbaycan prezidenti qeyd etmişdir ki, bu gün biz, eyni zamanda, gələcəyə baxarkən azad edilmiş torpaqların inkişafı ilə bağlı öz fikirlərimizi ortaya qoyuruq. Qarabağ dünyanın ən gözəl bölgələrindən biri olacaqdır. Əminəm ki, türk qardaşlarımızın yardımı ilə biz buna nail olacağıq. Biz bu gün artıq konkret layihələr haqqında danışdıq – yol layihələri, dəmir yolları layihələri, infrastruktur layihələri. Bütün bu layihələrdə Türkiyə və Azərbaycan şirkətləri bərabər iştirak edəcəklər. Bütün bu layihələrin qısa vaxt ərzində həyata keçirilməsi bölgəyə yeni nəfəs gətirəcəkdir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Zəfər paradında söylədiyi nitqində bu mövzuya toxunaraq demişdir: “Əziz qardaşlarım, Dağlıq Qarabağa fəlakət, qətliam və göz yaşından başqa heç nə gətirməyənlər də artıq ağıllarını başlarına toplamalıdırlar. Ermənistan rəhbərləri xalqın sərvətlərini Azərbaycanın torpaqlarını işğal atında saxlamaq üçün sərf etmişlər. Halbuki bu potensial mənasız müdafiə xətlərinə, silahlara, gözlərini kin və qan tutmuş rəhbərlərin ehtiraslarına sərf edilməsəydi, bu gün mənzərə çox fərqli olardı. Erməni siyasətçilərin bunu çox yaxşı təhlil edib, sülh və sabitlik əsasında gələcəyi qurmaq məsələsində cəsarətli addımlar atmalarını arzu edirik”.

Türkiyə prezidenti Ermənistan rəhbərliyinə ələbaxımlılığa son qoymaqla yeni siyasət yürütməyə çağırıb. O deyib: ”Ermənistan xalqının da özlərini keçmişin yalanları ilə ovunduraraq yoxsulluğa məhkum edən diasporun əsarətindən qurtulmasını diləyirik. Qərb imperialistlərinin təhriki ilə bir yerə çatmağın mümkün olmayacağını görməli, düşmənçilik əvəzinə mehriban qonşuluğa əsaslanan əlaqələr yenidən nəzərdən keçirilməlidir. Ermənistan xalqı Qarabağda yaşananlardan dərs götürərsə, bu, bölgədə yeni bir dövrün başlanğıcı olacaqdır”.

Bax: https://azertag.az/xeber/Bakinin_Azadliq_meydaninda_Veten_muharibesinde_Qelebeye_hesr_olunmus_Zefer_paradi_kechirilib_Azerbaycan_Prezidenti_Ilham_Aliyev_ve_Turkiye_Prezidenti_Receb_Tayyib_Ardogan_paradda_istirak_edibler_YENILANIB_2_VIDEO-1662855

Birgə mətbuat konfransında yenə də Türkiyə Prezidenti bu məsələyə toxundu. O dedi: ”Bugünkü mərasimlər, bugünkü həyəcan təbii ki, fərqli bir vəziyyət ortaya qoydu. İndi inanıram ki, artıq Azərbaycan bu yeni vəziyyətdən sonra bölgədə çox ciddi infrastruktur formalaşdırmaq istiqamətində addımlar atacaq. Bu addımlarla yanaşı, bildiyimə görə, inşallah, yollar tikiləcək, dəmir yolları inşa ediləcək, bununla bağlı qərarı cənab Prezident verib və Naxçıvandan Zəngilana, Zəngilandan şimala bütün bu yollar tikildikdən sonra vəziyyət dəyişəcək. Arzu edirik ki, bu yolları başa çatdırdıqdan sonra yay mövsümündə yeni yollarla birlikdə Şuşaya gedək, inşallah, Şuşada birlikdə olaq. Şuşa bir tarixdir. Şuşanı o tarixi ilə yaşamaq, görmək həqiqətən bizim üçün də bir sevgidir. Bu sevgini də yaşamaq istəyirik”.

Türkiyə prezidenti inanır ki, bu yerlərin yenidən bərpası mümkündür. O deyib: ”Təbii ki, biz bu gün Qardaşımla (Azərbaycan Prezidentini nəzərdə tutur) birlikdə xüsusilə infrastruktur və digər məsələlərlə bağlı müzakirələr apardıq. Ermənilər olduqları yerlərdə nə varsa hamısını yandırıblar, dağıdıblar. Məscidləri yandırıb dağıdıblar. Hətta onlar kilsələri də yandırıb dağıdıblar. Yəni, onları anlamaq, tanımaq mümkün deyil. Bütün bunlarla yanaşı, mən talan edilən, dağıdılan bu yerlərin yenidən bərpasına inanıram. Necə ki, 20 il əvvəl gələrkən necə bir Bakı vardı, bu gün necə bir Bakı var, tamamilə dəyişib. Bunu 20 il əvvəlkindən bu günə çatdıran Azərbaycan rəhbərliyi, inanıram ki, Allahın izni ilə Qarabağı da gecikmədən, 3-5 il ərzində tamamilə fərqli vəziyyətə gətirəcəkdir. Bu qüdrət, bu güc İlham qardaşımda var. Çünki bunu sübut edib”.

Bax: https://azertag.az/xeber/Azerbaycan_ve_Turkiye_prezidentleri_metbuata_birge_beyanatlarla_chixis_edibler_YENILANIB_VIDEO-1663161

İLKİN ƏLİYEV

Gənc Politoloqlar Mərkəzinin sədri

12 yanvar 2021-ci il