Azərbaycanlı qrossmeysterlər şahmat dərslərini tədris edəcəklər

13 Yanvar 2021 14:31 (UTC+04:00)

ABŞ-ın Massaçusets ştatında fəaliyyət göstərən Nyu England-Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə şahmat dərslərinə start verilib. SİA-nın xəbərinə görə, uşaqlar üçün nəzərdə tutulan dərslər 3 (başlangıc, orta və qabaqcıl) səviyyədə tədris olunacaq. Səviyyənin müəyyənləşdirilməsi üçün bilik və bacarıqlar əsas götürüləcək. Həftəsonu onlayn formatda baş tutacaq dərslər ayda 4 dəfə keçiriləcək və dərslərdə raundlar tətbiq olunacaq. Bütün dərslərin ingilis dilində tədrisi nəzərdə tutulur. Başlanğıc və orta səviyyə üzrə dərsləri qadınlardan ibarət Azərbaycan yığma komandasının üzvü, qadınlar arasında beynəlxalq qrossmeyster (2007) Türkan Məmmədyarova, qabaqcıl səviyyə üzrə dərsləri Azərbaycan şahmatçısı, qrossmeyster (2013) Ülvi Bacaranı tədris edəcəklər. Nyu England-Azərbaycan Mərkəzindən bildirilib ki, iştirak etmək istəyən şəxslər bostonazofficial@gmail.com elektron ünvan vasitəsilə qeydiyyatdan keçə bilərlər.