Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində ikinci Qarabağ müharibəsinin iştirakçısı qazi Kənan Kərimli ilə onlayn görüş keçirilib.
SİA-nın məlumatına görə, Kənan Kərimli görüşdə Azərbaycan ordusunun apardığı uğurlu döyüş əməliyyatlarından, Qarabağ torpağını erməni hərbi birləşmələrindən təmizlənməsindən, özünün keçdiyi döyüş yolundan bəhs edib. O, sağ ayağımı itirməsinə və bədənində çoxlu sayda qəlpələr olmasına baxmayaraq düşmənə qarşı son nəfəsinə qədər döyüşüb. Kənan sağ qaldığı üçün tabor komandiri, kapitan Zamir Zülfüqarova özünü borclu hesab etdiyini bildirib.
Qeyd edək ki, Kənan Kərimli 1997-ci ildə İsmayıllı rayonunun Aşağı baş kəndinində dünyaya göz açıb. 2020-ci ilin mayında həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmət zamanı Kənan Kərimli rabitəçi kursu keçib. Füzuli rayonu istiqamətində gedən döyüşlərdə rabitəçi kimi xidmətini davam etdirib. Kənan məxfi məlumatları özü ilə digər taborlara aparan zaman düşmən snayperlə onu atəşə tutub. Sonra düşmən Kənan və beş hərbçi yoldaşının atəşdən yayındığını bilib onlara qarşı minaatanlardan istifadə edib. İlk atəş zamanı yüngül xəsarət alan hərbçilər ikinci atəşdə ağır yaralanıblar. Əsgərin yaralı olduğunu görən tabor komandiri, kapitan Zamir Zülfüqarov özünü Kənanın üzərinə ataraq onu üçüncü mərmidən xilas edib və hərbi hospitala çatdırıb. Hospitalda məlum olub ki, qəlpələrdən biri əsgərimizin ağ ciyərinin yuxarı hissəsini deşib keçərək daxili orqanında qalib.
Qazi Kənan Kərimli ölkə prezidenti tərəfindən Füzuli və Xocavənd rayonlarının işğaldan azad olunması uğrunda döyüş medalları ilə təltif olunub.
Görüşü canlı izləmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
https://www.instagram.com/tv/CJ6V9dKBjAr/?igshid=1h7gzrsng4gbg