Gec gələn oyanış (Hekayə)

12 Yanvar 2021 11:15 (UTC+04:00)

AĞALAR İDRİSOĞLU

Oqayət Arazlının 50 yaşı yenicə tamam olmuşdu. Amma bu vaxta qədər cavanlıq illərindən istədiklərinin demək olar ki, çox az qismini reallaşdıra bilmişdi. Əslində Oqayət Arazlı çox istedadlı insan idi. O, təkcə istadadlı rəssam yox, həm də maraqlı yazıçı, yaxşı piano çalan olmaqla, özü də yeri gələndə mahnılar yazırdı. Onun bəstələdiyi mahnıları müğənnilər böyük həvəslə ifa edirdilər...

Ümumiyyətlə Ulu Tanrı istedalı insanlara təkcə bir sahədə yox, bəzən bir neçə sahədə istedad verir. Amma həmin insanların çox az hissəsi öz yaradıcılığını uzaqgörənliklə bir sahəyə yönəltməklə, bu sahədə daha böyük uğurlar qazanırlar. Lakin çoxları özlərini onlara verən istadadın bir neçə sahəsinə yönəldir və çox vaxt da bu sahələrdə bütün arzularını reallaşdıra bilmirlər. Bax Oqayət də ikinci tip insanlardan idi. Gah rəsm əsərləri çəkir, gah heykəltaraşlıqla məşğul olur, gah hekayələr, publisist yazılar, məqalələr yazır. Gah tez-tez pianonun arxasına keçib, dodağının altında mahnılar zümzümə edir, gah da xoşuna gələn musiqiləri çalırdı. Bax beləcə artıq ömrünün 50 ilini arxada qoymuşdu Oqayət Arazlı...

Oqayət tək yaşayırdı. O, 25 yaşında özündən beş yaş kiçik olan Gültəkin adlı çox gözəl, yaraşıqlı, ağıllı bir qızla ailə qurmuşdu. Bu evlilik cəmi üç il davam eləmişdi. O vaxtlar Oqayətə elə gəlirdi ki, ailə həyatı onun yaradıcı insan kimi inkişafına mane olur. Onu buxovlayır. Yaradıcılığını istədiyi kimi davam etdirməyə tam mane olur...

Ümumiyyələ istedalı insanların çoxu bir qədər qəribə xasiyyətli olur və çox vaxt fikirləri, beyinləri göydə uşur. Çox vaxt onlara elə gəlir ki, Yer kürəsindəki adamlar onları başa düşmürlər. Onlar göydə, Ulu Tanrının yanında yaşamalıdırlar. Ailə isə ümumiyyətlə onlara mane olur. Oqayət də bu tip adamlardan olduğundan, ailəyə qarşı çox biganə idi. Bəzən günlərlə öz emalatxanasında olurdu. Emalatxanada olmayanda isə dostları ilə yeyib-içməyi, ailə qayğılarından daha üstün tutur və evə gələndə də çox vaxt sərxoş olurdu...

Rəhmətlik ata-anasının və həyat yoldaşı Gültəkinin dedikləri sözlər onun beyninə batmırdı. Deyilən hər sözü ona qarşı düşmənçilik, onun istedadını boğmaq kimi başa düşürdü. Üç il Oqayəti evə bağlamaq istəyən çox ağıllı xanımı, ingilis dili müəllimi işləyən və insan psixologiyasını yaxşı bilən Gültəkinin bütün mübarizələri heç bir nəticə vermədi. Gültəkin Oqayətdən boşandı. Oqayət bundan çox sevindi ki, artıq tam sərbəst oldu. O, bundan sonra daha heç evə də gəlmir, dostları ilə elə emalatxanasında yeyib-içir, elə orada da qalırdı... Onun düşüncə tərzində “dünya beş gündür, ye-iç keyf elə” fikiri dərin kök salmışdı...

Az bir vaxtda atası-anası da bu dərdə dözə bilməyib, haqq dünyalarına qovuşdular. Axı onların da təkcə bir oğulları vardı və o da belə “zay” olmuşdu. Onlar nəvə-nəticə görmək istəsələr də bu arzuları ürəklərində qaldı və cəmi bir ayın içərisində hər ikisi işıqlı dünyaya əlvida dedi...

Ondan sonra Oqayətdə bir oyanış yaranmağa başladı. Ayıq vaxtlarında fikirləşirdi ki, atasının, anasının belə tez dünyalarını dəyişməsində günahkar məhz Oqayət özüdür... Artıq həmin vaxtı da Oqayətin 40 yaşı vardı. Amma o, yaradıcılığa başladığı bu 20 ildə, nə rəssam, nə yazıçı, nə də bəstəkar kimi heç bir sahədə öz sözünü deyə bilməmişdi...

Artıq içgi, siqaret düşgünü olduğundan bu pis vərdişlərdən ayrıla bilmirdi... Daha doğrusu özü ilə bacara bilmirdi... Onunla rəssamlıqda bir yerdə oxuyanların çoxu, hansılar ki, ondan qat-qat istedadsız idilər, artıq bu sahədə fəxri adlar, medallar alıb və özlərinə lazım olan şəraiti də qurmuşdular. Ailələri, uşaqları onların qol-qanadı idi. Bunları görən Oqayətdə artıq paxıllıq çox artmışdı. Bu paxıllıq da onu qurd kimi içindən yeyirdi və daha çox siqaret çəkir, içki içirdi... Bu da ona gətirib çıxartdı ki, Oqayət 40 yaşında mikro infark keçirtdi. Həkimlər ona çox təkid etdilər ki, “siqaret çəkməsin və spirtli içki içməsin. Axşalar da saat 11-də yatıb, səhər saat 7-də yuxudan dursun. Çünki ürək damarları axşam saat 11-dən, gecə saat 3-ə kimi istirahət etdiyi vaxt, yuxusuz qalıb onları yükləmək olmaz. Belə edən insanlar bilərəkdən özlərini ölümə sürükləyirlər”...

Amma Oqayət, həkimlərin dediyi bu məsləhətləri özündə heç cürə tərbiyə eləyə bilmirdi. Çünki o, lap cavanlıq illərindən gecə saat 4-ə kimi yaradıcılıqla məşğul olur, gah rəsm əsərləri çəkir, gah hekayələr yazır, gah da pianonun arxasına keçib, özü üçün mahnılar zümzümə edirdi. Bəzən isə bu hal səhərə kimi davam eləyirdi. Məhz buna görə də Oqayət bu vaxta qədər heç yerdə lazım olan kimi işləyə bilmirdi. Axı iş yerinə səhər gedib, axşam da qayıtmaq lazım idi. Amma Oqayət adamlar səhər işə gedən vaxtı yatağına uzanırdı...

Son vaxtlar Oqayəti Poliqrafiya Şirkətində işə götürmüşdülər. O, kitabların, jurnalların tərtibatını verirdi. Bu iş də ona sərfəli idi. Çünki evdə oturub, ona verilən sifarişləri yerinə yetirirdi. Adamın Allahı var. Oqayət bu işi çox səliqəli və vicdanla görürdü. Amma onun bu işinə çox az məvacib verirdilər. İllərlə çəkdiyi rəsm əsərləri də emalatxanasında yığılıb qalmışdı. Onları alan da yox idi. Yazdığı hekayələrə də heç bir mətbuat orqanı qonarar vermirdi. Oqayət də çox çətinliklə olsa da “çulunu” sudan çıxarır və çalışırdı ki, aldığı məvaciblə bir ay birtəhər dolansın...

Uzun müddət idi ki, heç bir qadınla da əlaqəsi yox idi. Amma Poliqrafiya Şirkətində dizayner işi ilə məşğul olan Ayət adlı bir qadınla üç il idi ki, “ulduzları” barışmışdı. Daha doğrusu həmin qadın Oqayəti “yoldan” çıxarmışdı. Ayətin əri olsa da, onunla yaşamırdı. Oqayətin istedadlı adam olması və hətta ona dizayner işində də çox yaxşı kömək etməsi Ayəti bu işə “məcbur” eləmişdi. Onlar Oqayətin evində görüşürdülər. Ayət belə götürəndə evcanlı qadın idi. O, Oqayətin paltarlarını çox səliqə ilə yuyur və həm də çox ləzzətli yeməklər hazırlayırdı. Oqayət artıq indi başa düşməyə başlamışdı ki, ailə insana təkcə hisslərini, şəhvətini söndürmək üçün yox, həm də yeri gələndə fikir mübadiləsi aparmağa, bir yerdə oturub, həvəslə çörək yeməyə və ən əsası isə “qulaq yoldaşı” olmağa daha çox lazımdır. Övlad isə könül meyvəsi, qocalanda adama arxa-dayaqdır...

Ayət axşam onun yanında qala bilmirdi. Çünki böyük oğlu ali məktəbə təzə qəbul olmuşdu, kiçik oğlu isə orta məktəbdə oxuyurdu. O, bir ana kimi onların da qulluğunda durmalı idi. Ayət hər dəfə öz övladlarından danışanda, Oqayətin daxilindəki “sarı sim” hərəkətə gəlir və “peşimançılıq notu” kimi çalınırdı... Hətta o, buna daxilən kövrəlirdi də...

Ayət gedəndən sonra ev yenə də boş qalır və artıq bu üç otaqlı mənzil Oqayəti sıxırdı. Son vaxtlar spitli çikini Ayətin təkidi ilə azaltsa da, amma siqaretlə bacara

bilmirdi. Siqaret artıq ona tam qələbə çalmışdı. Hər gün ən azından bir pakça çəkirdi. Özü də siqareti evdə çəkdiyindən otaqlardan çox qəribə, elə bil ki, çürümüş tütün, nekatin iyi gəlirdi. Ayət bura gələndə deyinə-deyinə qapıları, pəncərələri açıb, otaqların havasını təmizləməyə çalışsa da, bəzi iyqovucu aerozollar vursa da yenə də otaqlardan pis qoxu gəlirdi...

Son vaxtlar Oqayətin ürək ağrıları çoxalmışdı. Hətta içdiyi ürək dərmanları da ona köməklik eləmirdi. Hələ bu azmış kimi o, şəkər xəstəliyinə də tutulmuşdu. Təzyiqi tez-tez kəllə-çarxa qalxırdı. O, həqiqətən ölümlə əlləşirdi...

Oqayət Arazlının əlli yaşı cəmi bir ay idi ki, tamam olmuşdu. Bu yubileyi ilə bağlı onun üzv olduğu nə Yazıçılar Birliyi, nə də Rəssamlar İttifaqı onu təbrik etməmişdi. Bu da Oqayətə yaman “yer” eləmişdi. Elə bil daxilindən nə isə “qırılıb” düşmüşdü... Həmin gün gündüz bir neçə dostu bu yublileyi qeyd etməkçün onun evinə gəlmişdilər. Ayət yaxşı yemək hazırlamışdı. Həkimlər Oqayətə spirtli içki içməməsini və bu “ağ ölümdən” uzaq olmasını qəti tapşırsalar da dostları onu məcbur eləyib içirmişdilər. Həmin axşam Təcili Tibbi yardım gəlib onu xəstəxanaya aparmasaydı, yəqin Oqayət öləcəkdi. İyirmi gün xəstəxanada qalandan sonra həkimlər məsləhət bildilər ki, o, müalicəsini davam etdirməkçün Kardioloji Sanatoriyaya getsin. Çünki orada işləyən həkimlər də çox təcrübəli idilər. Oqayət yaşaması və gələcəkdə yaradıcılıq sahəsində öz sözünü layiqincə deməsi üçün buna razılaşmışdı. Özü də o, ilk dəfə idi ki, sanatoriyaya getməyə razılıq vermişdi... Buna onu Ayət də həvəsləndirmişdi. Və hətta demişdi ki, o da özü üçün Şirkətdən göndəriş ala bilər. Elə ikisi də bir yerdə müalicə olunarlar.

Poliqrafiya Şirkətinin Həmkarlar təşkilatından Oqayətə Sanatoriyaya göndəriş verdilər. Ayət də müdiriyyətlə danışıb, o da Kardioloji Sanatoriyaya göndəriş aldı.

Kardioloji Sanatoriyanın baş həkimi həddindən artıq çox xeyirxah, mədəni insan, tibb elmləri dokturu, əlli ildən çox həkimlik təcrübəsi olan, Əməkdar həkim Muxtar Əhmədli idi. O, Oqayət Arazlının adını eşidəndə çox sevindi və hətta onun bir hekayəsini də söylədi. Həkimlərin həyatından olan bu hekayə Muxtar həkimə çox xoş təsir bağışlamışdı. Qarabağ Müharibəsində həmin həkimin çoxlu əsgərləri ölümün pəncəsindən necə qurtarması və sonra ağır yaralı əsgəri döyüş meydanından çıxaran vaxt özünün şəhid olması, amma həmin əsgərin möcüzə nəticəsində sağ qalması haqqında yazılan maraqlı, təsirli hekayəni Muxtar həkim unuda bilmirdi... İndi də bu hekayəni danışan vaxtı kövrəldi...

Və sonda Muxtar həkim dedi:

-Oqayət müəllim, siz burada necə lazımdırsa, müalicə olunacaqsınız. Çünki sizin kimi böyük sənətkar, xalqımıza çox lazımdır. Bizim müasir dünya standartlarına cavab verən tibbi aparatlarımız və öz işlərinin yüksək mütəxəssisi olan həkimlərimiz, tibb bacılarımız var. Sizə bizim çox təcrübəli həkimimiz, kardiologiya sahəsində böyük təcrübəsi olan Şərif Şahməmmədlini, Ayət xanıma isə Rimma Nəcəflini müalicə həkimi təyin edirəm. Amma sizdən bir xahişi var. Bilirsiniz ki, pandemiya dövrüdür. Sanatoriyamızda da müalicə alan adamlar çox azdır. Çalışın özünüzü qoruyun. Biz də hər cürə şərait yaratmışıq ki, adamlar bir-birindən yoluxmasınlar.

Oqayət Arazlı və Ayət xanım belə yüksək səviyyədə qarşılandıqlarına görə maraqlı ziyalı Muxtar Əhmədliyə öz təşəkkürlərini bildirdilər.

Oqayəti və Ayəti hər cür şəraiti olan biradamlıq ayrı-ayrı otaqlarda yerləşdirdilər.

Oqayətə ən çox sevdiyi rəqəm 13-cü otağı, Ayət xanıma isə 15-ci otağı verdilər. Beləliklə, elə həmin gündən Oqayət Arazlı və Ayət xanım müalicəyə başladılar. Amma bir həftədən sonra Oqayətin burada aldığı müalicədən vəziyyəti yaxşılaşmaqdansa, bir az da pisləşdi. Hərarəti 37-38 oldu. Şəkəri , təzyiqi kəllə-çarxa qalxdı. Sümüklərini isə elə bil ki, doğrayırdılar. Özü də çox halsız idi... Hətta cərəyanlarla müalicə otağında onun halı pisləşmişdi...

Bunu görən Şərif həkim Oqayət Arazlının müalicəsini dayandırdı. Təcli Yardıma zəng vurdular. Oradan həkimlər gəlib, Oqayətdən test götürdülər. Bir gündən sonra xəbər gəldi ki, Oqayət Arazlının COVİD-19-la bağlı verdiyi testin nəticəsi pozitivdir. Xəstəxanalarda COVİD-19-la bağlı xəstələr çox olduğundan, demək olar ki, boş yer yox idi. Muxtar Əhmədlinin xahişi ilə onu birtəhər xəstəxanaya yerləşdirdilər. Oqayətin vəziyyəti heç də yaxşı deyildi. Bir tərəfdən də şəkər xəstəliyi, təzyiqinin yuxarı olması, ürəyindəki problemlər də bu xəstəliyə çox mənfi təsir göstərirdi...

İki gündən sonra Ayətin də vəziyyəti pisləşdi və məlum oldu ki, o da COVİD-19 pandemiyasına yoluxub. Əslində Oqayət elə Ayətdən yoluxmuşdu. İmmun sistemi zəif olduğundan Oqayətdə xəstəlik daha tez aşkarlanmışdı. Ayətin vəziyyəti bir qədər yüngül olduğundan və xəstəxanada da yer olmadığından onu evlərinə apardılar. Onun müalicəsi evlərində davam eləyirdi...

Oqayət Arazlı xəstəxanada yatan gün televizorda və bəzi mətbuat orqanlarında belə bir elan getdi: “Tanınmış rəssam, yazıçı, bəstəkar Oqayət Arazlı da COVİD-19-a yoluxub”. Üç gündən sonra isə Azərbaycan televiziyasında belə bir elan səsləndi: “Tanınmış rəssam, yazıçı, bəstəkar Oqayət Arazlı pandemiyadan dünyasını dəyişib. O, ürək və şəkər xəstəliyindən də əziyyət çəkirdi”...

... Oqayəti dəfn etməyə cəmi beş adam gəlmişdi. Dörd kişi və bir qadın. Kişilər xəstəxana tərəfindən ayrılmışdı. Və həmin qadının təki ilə Oqayəti atasının və anasının yanında dəfn elədilər. Bu qadın Gültəkin idi. O, Oqayətin xəstəxanada yatdığını eşidən kimi, onu axtarıb tapmışdı... Üç gün idi ki, həmin xəstəxanaya getsə də onu Oqayətin yanına buraxmırdılar...

Kişilər qəbir üstündən gedəndə Gültəkinə bir medalyon və bir yazılı vərəq verdilər. Onların Gültəkinə verdiyi bu medalyonun içində Gültəkinlə Oqayətin toy günü çəkilən şəkilləri və həmin vərəqdə qarışıq hərflərlə yazılan bayatını oxuyan Gültəkin zülüm-zülüm ağladı... Oqayət bu bayatını son dəqiqələrində yazmışdı...

Gültəkin, bu illərdə özü də ailə qurmamış və həmişə kənardan Oqayətin yaradıcılığı ilə maraqlanmış və onun yazdığı, qəzetlərdə, saytlarda çap olunan hekayələrini oxumuşdu. Hətta Oqayətin rəsm əsərlərindən, heykəllərindən təşkil olunan hər iki sərgisində iştirak etmiş, amma daxilində olan qürurdan Oqayət Arazlıya yaxınlaşmamışdı...

Gültəkin bir də göz yaşları içərisində bayatını oxudu:

-Əzizinəm cavanlıq,

Ötüb getdi cavanlıq.

Heyf, bilmədim qədrini,

Nə tez ötdü cavanlıq...

Sonra o, əlində tutduğu medalyonun içindəki Oqayətlə toy günü çəkdirdikləri və hər ikisinin necə sevinclə, xoşbəxtliklə güldükləri şəkilə bir də baxıb, şəkili öpdü və yenə də hönkür-hönkür ağladı. Həmin toy günündən artıq 25 il ötmüşdü...

Amma elə bil ki, həmin xoş gün dünən olmuşdu...

Gültəkin indi bir şeyə daha çox heyfislənir və bu günahını özünə bağışlamırdı...

O vaxt gərək Oqayətin anasının sölərinə, nəsihətinə qulaq asıb, səbrsizlik etməməliydi və evdən getməməliydi. O, nəyin bahasına olursa-olsun “ saqqallı uşaq” Oqayəti evə bağlamalı idi... Axı qadın, Ulu Tanrının Yer kürəsində yaratdığı ən böyük varlıq və möcüzəli, sehirli qüvvədir...

Sumqayıt şəhəri

09-10 Yanvar 2021-ci il