Cənub turizm dəhlizi üzrə Lənkəran-Astara regional xəritəsi hazırlanıb - FOTOLAR

12 Yanvar 2021 09:55 (UTC+04:00)

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən turizm imkanlarının təbliğ edilməsi, həmçinin, turistlər üçün turizm məkanlarının əlçatanlığının təmini məqsədilə Cənub turizm dəhlizi üzrə Lənkəran-Astara regional xəritəsi dərc olunub.

SİA xəbər verir ki, həmçinin Lənkəran şəhər turist xəritəsi, “Cənub regionunda 10 əsas təbiət təcrübələri” və “Lənkəranda 10 əsas turizm fəaliyyəti” adlı broşürlər çap edilib.

Bundan öncə isə Şimal və Şimal-Qərb turizm dəhlizlərini əhatə edən regional xəritələr nəşr olunub.

Şimal turizm dəhlizi üzrə Quba və Qusar şəhərlərinin turist xəritələri, “Qubada 10 gəzməli-görməli yer”, “Qusarda 10 əsas gəzməli-görməli yer”, “Şimal regionunda əsas təbiət təcrübələri” adlı broşürlər nəşr edilib.

Qeyd olunan xəritə və broşürlər müvafiq olaraq regionlarda fəaliyyət göstərən mehmanxanalara, turizm informasiya mərkəzlərinə və aidiyyəti qurumlara paylanılıb.

Şimal-Qərb turizm dəhlizi üzrə Şəki və Zaqatala şəhərlərinin turist xəritələri və Şəki sənətkarlarının xəritəsi ərsəyə gətirilib. Şimal-Qərb regionunda Şəki, Zaqatala, Balakən və Qax rayonların əsas turizm təcrübələrini özündə əks etdirən “Şimal-Qərbdə 10 gəzməli-görməli yer” və “Şimal-Qərbdə əsas turizm təcrübələri” adlı broşürlər hazırlanıb.