2020-ci ildə elmdə hansı yeniliklər baş verdi? FOTOLAR

7 Yanvar 2021 15:22 (UTC+04:00)

2020-ci il çoxlu maraqlı hadisələrlə yadda qaldı. Müasir elmin 2020-ci ildə ən böyük nailiyyəti COVİD-19 virusu əleyhinə çox qısa bir zamanda effektiv vaksinin hazırlanması oldu. Bu, sözün əsl mənasında rekord bir göstərici idi və yəqin ki, tezliklə mükafatlara layiq görüləcəkdir. Lakin ötən il təkcə koronavirus pandemiyası ilə yadda qalmayacaq: müxtəlif elm sahələrində heyrətamiz elmi kəşflər edilmişdir. Onlardan bəziləri xüsusilə dəyərlidir- Günəşin ən təfərrüatlı görüntüləri, “Crew Dragon” kosmik gəmisinin işə salınması və Beynəlxalq Kosmik Stansiya (ISS) ilə birləşdirilməsi, İlon Maskın “Neurolink” layihəsi çərçivəsində donuzlara çip yerləşdirilməsi, Ayda suyun tapılması və s.

Günəşin ən detallı şəkilləri

Planetimizdən 149,6 milyon kilometr uzaqlıqda yerləşən günəşdəki ləkələrin şəkli teleskopun obyektivindən yaxından çəkilib. Ləkənin özünün ölçüsü tədqiqatçılara görə 16 min km təşkil edir.
Günəş ləkələri Günəşin qaranlıq bölgələridir ki, elm adamlarına onun səthindəki aktivliyi izləməyə kömək edir. Havayda yerləşən və 4.24 metrlik əsas güzgü və adaptiv optik sistemlə təchiz olunmuş DKIST optik teleskopu (Daniel K. Inouye Solar Teleskopu) ilə çəkilmiş günəş ləkəsinin ən aydın görüntüsündə belə ləkə qaranlıq görünür, çünki plazma ləkəni əhatə edən ərazilərdən daha soyuqdur. Xatırladaq ki, günəş ləkələri tez-tez günəş səthindən güclü enerji tullantılarının, günəşdəki partlayışların xəbərçisi olur.

Xatırladaq ki, sözügedən teleskop indiyədək istifadəyə verilmiş ən böyük Günəş telesopudur.

Veneranın atmosferində fosfin

Venera atmosferində, Yer şəraitində yalnız mikroorqanizmlər tərəfindən hasil edilən və ya laboratoriya şəraitində sintez edilən bir fosfor birləşməsi olan fosfin izlərinə rast gəlindi.

2020-ci ildə ən parlaq elmi hadisələrdə biri də məhz bu oldu. Fosfin Yerdə anaerob mikroblar tərəfindən hasil edilir.

Astronomlar daha sonra məlumatlarını yenidən təhlil etdilər və səhvlər aşkar etdilər. Təkrar tədqiqatlar zamanı yenidən çox zəif də olsa fosfin təzahürləri aşkar edildi. Venera buludlarında az miqdarda fosfinin olmasının yalnız vulkanik fəaliyyət və ildırımla izah edilə bilməməsi diqqət çəkir. Veneranın atmosferindəki sirli kimyəvi reaksiyalar zamanı fosfor birləşmələrinin püskürməsi və gurultuların fosfinə çevirməsi mümkündür. Lakin fosfinin xarici bakteriyaların fəaliyyəti nəticəsində ortaya çıxma ehtimalı da təkzib edilmir.

Koronavirus əleyhinə vaksin

Çox ümid edirik ki, pandemiya tezliklə bitəcək.

COVID-19 pandemiyasından əvvəl tarixdə ən sürətli peyvənd hazırlanması dörd ildən çox çəkmişdi.

2020-ci ilin yanvarında elm adamları SARS-CoV-2 virusuna qarşı peyvəndlər üzərində işə başladılar. Bir ildən az müddətdə “Sputnik V”, “BioNTech” və “Pfizer” şirkətlərinin hazırladıqları peyvəndlərin istifadəsi təsdiqləndi və dekabr ayında dünyanın bir çox ölkəsində peyvəndə başlanıldı.

Ayda su

31 oktyabrda NASA mütəxəssisləri SOFİA spektroqrafının köməyi ilə Ayın günəş tərəfindən işıqlandırılan səthində su tapdıqlarını təsdiqlədilər. Ayda düşünüləndən daha çox su ola biləcəyini təsdiqləyən NASA suyun yalnız soyuq, kölgəli ay ləkələrinə deyil, bütün Ay səthinə paylandığını söylədi.

Alimlər suyun soyuq mikrotraplarda donmuş vəziyyətdə daha çox olduğuna inanırlar. Mikrotraplar Ayın səthindəki -160 ℃ səviyyəsində aşağı temperaturların davamlı olduğu dayaz çökəkliklərin adıdır.

Maraqlıdır ki, günəş düşən tərəfdə belə maye Ayda bərk formadadır. Alimlər bununla bağlı tədqiqatları hələ də davam etdirirlər.

“SpaceX Crew Dragon” kosmik gəmisi

16 noyabr gecəsi “SpaceX” ikinci dəfə “Crew Dragon” kosmik gəmisini Beynəlxalq Kosmik Stansiyaya göndərmək üçün istifadə etdi. Gəminin daha əvvəl işə salınması planlaşdırılırdı, lakin pis hava şəraiti səbəbindən təxirə salındı. 16 Noyabrda “Crew Dragon” kosmik gəmisi “Falcon 9” raket maşınıdan Floridadan uğurla havaya qalxdı.

İlon Maskın “Neuralink” çipləri

2020-ci il İlon Maskın praktik olaraq donuzları çipləşdirdiyi il kimi çoxları tərəfindən xatırlanacaq. 2016-cı ildə Tesla və SpaceX-in qurucusu İlon Mask əsas məqsədi insan beynini kompüterlə birləşdirən tamhüquqlu bir sinir interfeysi yaratmaq olan “Neuralink”i açdı. Dörd illik tədqiqatlardan sonra çipin necə göründüyünü, nə dərəcədə yaxşı işlədiyini və nə üçün istifadə edilə biləcəyini göstərmək üçün Neurolink cihazı donuz beyninə yerləşdirildi. Tədbir rəsmi olaraq, “Neuralink YouTube” kanalında canlı yayımlandı və hələ də izləmək mümkündür.

Tarixin ən isti onilliyi

Planetimizdəki istilik hər il artır. Lakin 2020-ci ildə aparılan çoxsaylı tədqiqatların nəticələri Arktikada da rekord temperaturun qeydə alındığını, planetin qalan hissəsindən iki dəfə daha sürətli istiləşdiyini və bitki və heyvanlar üçün əsl ekoloji xaos yaratdığını göstərdi. Həyəcan təbili çalan məlumatlar yeni bir istilik rekordunun 2024-cü ildə qeydə alınacağından xəbər verir.

Kainatın ən ətraflı xəritəsi

2020-ci il yayın ortalarında kainatın ən ətraflı 3D xəritəsi hazırlandı. Yüzdən çox astrofizik tərəfindən tərtib edilmiş xəritədə son zamanlar kəşf olunmuş, hələ ətraflı öyrənilməmiş qalaktikaların məlumatlarından da istifadə edilmişdir. Xəritənin yuxarı və aşağı hissələrindəki səpələnmiş qırmızı parıltı əsasən, Samanyolunu aşan isti qazdan alınan rentgen şüalarıdır. Ağ nöqtələr superölçülü qara dəliklərin olduğuna işarə edir.

Nubar Süleymanova, “İki sahil”