Müasir Azərbaycan mətbuatının şərəfli, tarixi və milli salnaməsi kifayət qədər mükəmməl meyarlara söykənir və bu reallığın məntiqi nəticəsidir ki, mətbuatımızın fəaliyyəti dünya miqyasında da özünəməxsus yerə və rola sahibdir. Çağdaş dövrümüzdə gerçəkləşən media çağırışları isə qarşıda növbəti yenilikləri ehtiva etməklə yanaşı, həm də müxtəlif ideyaların həyata keçirilməsinə zəmin yaratmaqdadır. Bu xüsusda, Prezident İlham Əliyevin ölkə mətbuatına verdiyi önəm və diqqət, jurnalistlərə qayığısı, habelə mətbuat işçilərini özünə ən yaxın köməkçi elan etməsi faktoru sübut edir ki, O, həqiqətən də jurnalistlərin dostu kimi tanınmaqda, dəyərləndirilməkdədir. Vətənini, dövlətini sevən, bu müqəddəsliyə bağlı olan hər bir jurnalist Prezidentinin ətrafında sıx birləşməklə, ölkənin inkişafına, tərəqqisinə, xüsusilə aparılan media siyasətinə öz töhfəsini verməkdə davam edir. Eyni zamanda, mətbuat işçilərinin sosial-məişət həyatlarının yaxşılaşdırılmasından, təmin olunmasından başlayaraq digər çoxsaylı layihələrin gerçəkləşdirilməsinə qədər atılan addımların təməlində də qeyd edilən meyarlar dayanmaqdadır.
KİVDF-nin ən kiçik əməkdaşından tutmuş rəhbərliyinə qədər jurnalistlərə göstərilən diqqət və ehtiram əslində alışmadığımız, ya da unutduğumuz mükəmməl təsirini göstərməkdədir
Beləliklə, Azərbaycan mətbuatı yola saldığımız 2020-ci ildə 145-ci ildönümünü qeyd etdi və bu dönəm ərzində Azərbaycam mediasının lokomotivi rolunu oynayan daha bir gerçəklik - Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondudur (KİVDF). Məhz Fondun yenilənməsi, eləcə də novatorluq missiyası çərçivəsində, həm də qısa müddətdə böyük nailiyyətlərə imza atması söz yox ki, biz jurnalistləri də sevindirdi, ruhlandırdı. Məhz mətbuatımızın da son zamanlarda sürətli və müsbət dəyişikliklərə doğru irəliləməsi reallığının KİVDF-dən başlandığını deyərsək, heç də yanılmarıq. Bəs nədir bu yeniliklər və müasir media mühitinə sirayət edən həmin reallıqlar?
Etiraf edək ki, son zamanlar dövlət başçısı cənab İlham Əliyevin dövlət qurumlarından başlayaraq digər mühüm strukturlarda apardığı islahatlar öz uğurlu və müsbət nəticələrini göstərməkdədir. Kadrlar və fəaliyyət mexanizmlərindəki islahatlar fonunda ölkədə demək olar ki, köhnə nomenklaturaçılıq, bürokratik əngəllənmə vasitələri yox olmaqdadır. Xüsusilə, yazı müsabiqələrinin elan edilməsi məsələsindəki yeni nəfəs, yeni ab-hava mühiti isə qarşıdakı nailiyyətlərə açılan qapı, yanan yaşıl işıq olaraq qiymətləndirilir.
Uğrurların davamlılığı şərti əslində görülən əməli işlərlə isbatlanmaqdadır
Məhz KİVDF kimi mühüm, eləcə də strateji qurumda da bu siyasət aparıldı və həmin siyasətin münbit, sevindirici nəticələri ardıcıl nailiyyətləri, müvəffəqiyyətləri ilə göz önündədir. Əvvəlki rəhbərlikdən, eləcə də kadrlardan fərqli olaraq, bu gün KİVDF-yə rəhbərlik edən Fondun direktoru cənab Əhməd İsmayılov ortaya qoyduğu iş prinsipi hər bir jurnalistin, media qurumunun necə deyərlər, ürəyincədir. Hətta bu qurumun saytında belə, nəzərlərə xoş ovqat, əhval-ruhiyyə, əsl media mühiti bəxş edən yeniliklər göz oxşamaqdadır. KİVDF-nin ən kiçik əməkdaşından tutmuş rəhbərliyinə qədər jurnalistlərə göstərilən diqqət və ehtiram, əslində alışmadığımız, ya da unutduğumuz mükəmməl təsirini göstərməkdədir. Uğrurların davamlılığı şərti isə əslində görülən əməli işlərlə isbatlanmaqdadır.
Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı: uğrurlar, layihələr, ortaya qoyulan real və mükəmməl iş prinsipi!
KİVDF-nin ilk uğur faktoru medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankının təqdim edilməsidir. Məhz binformasiya bankının təqdimi və fəaliyyəti özündə bir sıra əhəmiyyətli nüasnları əks etdirir. Fondun saytında bu barədə vurğulanır: “Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı” dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən layihələrin elektron qaydada həyata keçirilməsini təmin etmək üçün yaradılıb”.
Məhz həmin informasiyadan da bəlli olur ki, medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı media subyektləri və nümayəndələri ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu arasında müsabiqələrə dair elektron informasiya mübadiləsini təmin etməklə sürətli və operativ fəaliyyətin həyata keçirilməsinə zəmin hazırlayır, hebaelə bu sahədə elektron informasiya mühitini mükəmməlliklə formalaşdırır. Artıq elan edilən müsabiqə və layihələrdə həmin iş prinsipi öz töhfələrini də verib. Misal üçün, müsabiqələrin təşkili, müraciət üçün tələb edilən sənədlərin qəbulu, müraciətlərə baxılması və nəticələrin elan edilməsi prosesində səmərəlilik artıb, Fond tərəfindən həyata keçirilən layihələrin yerinə yetirilməsi və həmin layihələr üzrə hesabatların təqdim edilməsi prosesi sadələşdirilib, informasiya mübadiləsinin tamlığının və etibarlılığının təmin edilməsi “Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı”nın digər əsas məqsədləri öz həllini tapıb.
Yalnız KİVDF-də kadr və struktur islahatları aparıldıqdan sonra bütün süni əngəllər aradan qaldırıldı
Yeri gəlmişkən, daha əvvəllər KİVDF-nin elan etdiyi müsabiqələrində və layihələrində regionlarımızda fəaliyyət göstərən jurnalistlərimiz bir sıra bürokratik əngəllərlə qarşılaşır, işritaklarını təmin etməkdə çətinliklər çəkir, hətta yarı yoldan geri dönərək, ruhdan düşürdülər. Əlbəttə, belə bir vəziyyət media məkanımıza heç də xoş münasinbət yaratmırdı. Yalnız KİVDF-də kadr və struktur islahatları aparıldıqdan sonra bütün bu kimi süni əngəllər aradan qaldırıldı və artıq regiondakı həmkarlarımız da müsabiqə və layihələrə rahatlıqla qatılır, qaliblər sırasında yer alırlar. Bu da söz yox ki, medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankının regionlarda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinə və jurnalistlərinə verdiyi böyük töhfələrdən biridir.
KİVDF təlimləri: jurnalistlər elmi və praktik cəhətdən təkmilləşdirilirlər
KİVDF rəhbərliyinin ideyası və tövsiyələri əsasında Fond bir sıra təlimlər də reallaşdırıb ki, bu təlimlər media əməkdaşlarının gələcək fəaliyyətlərinə öz müsbət təsirlərini göstərir. Onu da nəzərə alarsaq ki, COVİD-19 pandemiyası dünyanı öz təhlükəsi altında saxlayır və jurnalistlərin fəaliyyətlərinə də öz mənfi nəticələrini verir, bu zaman KİVDF-nin təlimlərinin onlayn qaydada keçirilməsi təşkilinin də yüksək səviyyədə həyata keçirildiyini qeyd edə bilərik.
Jurnalistlərin elmi və praktik cəhətdən təkmilləşdirilmələrinə hesablanmış bu kimi tədbirlərin baş tutmasında bir sıra mövzulara toxunulmaqla yanaşı, həm də kibertəhlükəsizlik məsələləri barədə də fikir mübadilələri aparılıb. Əbəs deyil ki, belə təlimlərdən biri də məhz “Mediada kibertəhlükəsizlik” mövzusunu əhatə edib. Burada KİVDF ilə partnyorluq edən şirkətlərin, bir sıra dünyaca məşhur nüfuzlu media qurumlarının də rolunu qeyd etmək lazımdır.
Bu haqda qeyd edilən və Fondun saytında yer alan məlumatda bildirilib ki, təlimlər KİVDF və “Evrodizayn” şirkəti tərəfindən jurnalistlər üçün onlayn formatda keçirilib. Təlimlərdə “Jurnalistikada saxta xəbər problemi: “fake news” və “deep fake”” mövzularına həsr edilib. Sayca ördüncü onlayn təlim isə qardaş Türkiyənin tanınmış media təlimçisi – “TRT”, “Kanal D”, “Star TV” televiziya kanalları, habelə bir sıra qabaqcıl informasiya agentliklərində zəngin təcrübəyə malik jurnalist Bora Balar tərəfindən təqdim olunub. Həmin təlimdə müasir jurnalistikada saxta xəbər problemindən bəhs olunmuş, “fake news” və “deep fake” xəbərlərini müəyyən etməyin metodları barədə məlumat verilib, xəbər emalı zamanı diqqət tələb edən məqamlara aydınlıq gətirilib, adıçəkilən mövzular üzrə media nümayəndələrinin sualları cavablandırılıb.
Media nümayəndələri üçün keçirilən növbəti təlimlər isə “Müasir dövrdə mətbuatın əsas funksiyaları: məlumat istehsalı və emalı”, “Rəqabətli xəbər istehsalı: xəbərin oxunaqlılığının artırılması” və “Müasir jurnalistika: rəqəmsal texnologiyalarla birlikdə dəyişən yeni dövrün jurnalistikası” mövzularında təşkil olunmuşdur. Beləliklə, KİVDF tərəfindən hər birində 25 nəfər olmaqda 4 təlim keçirilib. Təlimlərdə televiziya, radio, onlayn media, qəzet və jurnalları təmsil edən jurnalistlər iştirak ediblər. Respublikanın regionlarında fəaliyyət göstərən media nümayəndələri də təşkil olunan təlimlərdə xüsusi fəallıqları ilə seçiliblər.
Jurnalistlərin sosial-məişət qayğıları KİVDF rəhbərliyinin daimi nəzarətindədir
Qeyd etdiyimiz kimi, KİVDF rəhbərliyi problemləri hətta ən kiçik detallara qədər təhlil edir, onların aradan qaldırılması üçün maksimum fəaliyyətini göstərir. Bu məqam isə hadisələrə doğru qiymət verməyi bacaran media adamları tərəfindən yüksək qiymətləndirilməkdədir. Məsələn, bir müddət əvvəl jurnalistlər üçün tikilmiş binaların sosial və s. vəziyyətlərinin yaxşılaşdırılması üçün əməli addımlar atıldı. O cümədən, daha əvvəllər mövcud olan və mediada da işıqlandırılan məsələlər də öz həllini tapmaq üzrədir. Binaların həyətində təhlükəsizlik kameralarının sayı artırılıb, ictimai nəqliyyatdan istifadə edən jurnalistlərin gediş-gəlişlərini asanlaşdırmaları üçün qurulan Baku-Kart sistemi, bankomat və qarşıda dayanan digər məsələlər də diqqətdə saxlanılmaqda davam edir.
KİVDF öz əməli, səmərəli fəaliyyətləri, ideyaları, təşəbbüs və uğurları ilə bu inamı, etibarı öz ətrafında kifayət qədər qazanıb, formalaşdırıb
Yəni fakt budur ki, KİVDF rəhbərliyi jurnalistləri narahat edən bir sıra məsələlərin həllində əlində olan bütün imkanlarından maksimum istifadə etməkdədir. Mənzillərin ödəniş haqlarının əvvəlk rəhbərlik tərəfindən yüksək miqdarda təyin olunması bir çox jurnalistlərin bu ödənişləri edə bilməməsinə öz mənfi təsirlərini göstərirdi. Artıq bu məsələ də öz həllini tapıb və qarşıda növbəti münbit nəticələri gözləməyə dəyər. Çünki yenilənmiş və öz işinin öhdəsindən layiqincə gələn KİVDF-nin direktoru Əhməd İsmayılov və Fondun əməkdaşları artıq öz əməli, səmərəli fəaliyyətləri, ideyaları, təşəbbüs və uğurları ilə bu inamı, etibarı öz ətrafında kifayət qədər qazanıb, formalaşdırıblar.
Sonda isə Azərbaycanın Zəfər və Qələbə, Qarabağımızın işğaldan azad olunması ilə bağlı təbrikimizlə yanaşı, biz qarşıdan gələn 2021-ci ildə KİVDF-yə daha böyük naliliyyətlərə, tərəqqiyə imza amasını arzu edir, Azərbaycanın müstəqil və müasir media məkanında tətbiq edəcəyi iş prinsiplərini geniş spektorda əhatəndirəcəyinə inandığımızı əminliklə vurğulayırıq. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Gününüz və yeni iliniz uğurlu olsun!
Rövşən RƏSULOV