Paşinyan, ermənilərin Naxçıvan və azərbaycanlıların Meqri üzərindən keçib gedə bilməyəcəklərini söyləyib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə erməni baş nazir Ermənistanın İctimai Televiziyasına verdiyi müsahibəsində bəyan edib.
Məlumatda qeyd olunur ki, Nikol Paşinyan öz müsahibəsində Azərbaycanın birtərəfli qaydada heç bir dəhliz əldə edə bilməyəcəyini deyib. Ermənistanın Baş naziri bildirib ki, bölgədəki bütün yollar blokdan çıxarılmalı və heç kim birtərəfli üstünlük əldə etməməlidir.
“Azərbaycan Mehri ərazisindən bir dəhliz alırsa, Ermənistan da Naxçıvan ərazisindən vətəndaşlar və mallar üçün daşınma hüququ almalıdır. Azərbaycanın bu cür hüquqları birtərəfli qaydada alacağını söyləmək olmaz və Qarabağla bağlı üçtərəfli bəyanatda buna bənzər heç bir şey qeyd edilməyib”, deyə Paşinyan fikirlərini dilə gətirib.
Baş nazir, bəyanatda bölgədəki bütün kommunikasiyaların blokdan çıxarılmasından bəhs olunduğunu xatırladıb və tərəflərdən heç birinə yolun üzərində üstünlük verilməməsi lazım olduğunu söyləyib.
“Digər tərəfdən, əgər Naxçıvan vasitəsilə dəmir yolu ilə Rusiya və İrana mal daşıya biləcəyimiz ortaya çıxsa, o zaman Azərbaycan bunun müqabilində öz vətəndaşlarını və mallarını Mehri üzərindən daşımaq hüququnu tələb edə bilərmi? Bu, hələ də davam edəcək mürəkkəb danışıqlar prosesidir”, deyə Nikol Paşinyan sərsəm fikirlər səsləndirib.
O, Azərbaycanla sərhədin hələ delimitasiya edilmədiyini, sadəcə dəqiqləşdirildiyini deməklə, bu prosesin heç də sürətlə baş verməyəcəyini izah etməyə çalışıb və xatırladıb ki, əgər tez olması mümkün idisə bu proses 25-30 ildə həll edilərdi.
Xatırladaq ki, Rusiya, Ermənistan və Azərbaycanın rəhbərləri, Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyev Qarabağda atəşkəsə dair birgə bəyanat qəbul ediblər. Bəyanata görə, Dağlıq Qarabağda tam atəşkəs 10 noyabr tarixində qüvvəyə minib və Ermənistan tərəfi işğal etdiyi əraziləri öz sahibinə, Azərbaycana təhvil verməyə, qaytarmağa razılıq verib. Eləcə də danışıqlara əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti atəşkəsə və hərbi əməliyyatlara nəzarət etmək üçün Dağlıq Qarabağ münaqişəsi zonasına yerləşdirilib.
Həmçinin diqqətə çatdıraq ki, üçtərəfli bəyanatın bəndlərindən birinə görə, "bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri maneəsizdir, Ermənistan Respublikası hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və malların maneəsiz hərəkətini təşkil etmək üçün Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə zəmanət verir". Nəqliyyat rabitəsinə nəzarət Rusiya Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilməlidir. Tərəflərin razılığı ilə "Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb bölgələri ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası" da təmin edilməlidir.
Onu da qeyd edək ki, bu vəziyyət Ermənistanda narazılığın daha da artmasına səbəb olub, bu halda erməni baş nazirdən istefası tələb olunur və görünür vəziyyətdən çıxmaq üçün yenə də Nikol Paşinyan avantüraya əl atır, daxili auditoriyanı ələ almaq üçün ənənəsinə uyğun şəkildə, yalan danışır, vədlər verir.