Tələsməyək və xeyrimizə həll olunacaq növbəti qələbəmizi gözləyək!
Azərbaycanın Qarabağın azadlığı uğrundakı 44 günlük zəfər yürüşündən sonra Ermənistanda cərəyan edən hadisələr çərçivədən çıxdı və bu gün ağır siyasi-iqtisadi böhran içində çabalayan ölkə, demək olar ki, vətəndaş müharibəsi astanasına çatıb. Məsələ ondadır ki, ermənilərin müxalif siyasi isteblişmenti yalnız məğıubiyyət səbəbi ilə deyil, həm də Ermənistanı qarşıda gözləyən daha ağır vəziyyəti artıq indidən görməyə başlayıblar və bu səbəbdən baş nazir Nikol Paşinyanın istefasını tələb etməkdədirlər.
Ermənistanın həmin situasiyadan çıxmaq şansları varmı?
Gözlənilən və nəticəsi düşmən ölkə üçün çox ağır olan məsələ isə 30 il çapıb-taladığı, dağıdıb məhv etdiyi ərazilərimizin məhv edilməsinə, təbii sərvətlərimizin istismarına, milli-mədəni və dini ocaqlarımızı yer üzündən silməsinə, yüz minlərlə insanlarımıza vurduğu mənəvi ziyana görə Azərbaycana ödəniləcək kompensasiya ilə bağlıdır.
Beləliklə, Ermənistan vəziyyətdən necə çıxa bilər? Yaxud, Ermənistanın həmin situasiyadan çıxmaq şansları varmı? Suallar çoxdur və onların bir qismini təhlil edib ilginc nəticələr hasil etmək mümkündür.
Birinci məsələ budur ki, dəymiş ziyanın miqdarı necə aparılacaq? İlk öncə yaranan daha bir sual budur ki, təzminatın qiymətləndirilməsini hansı tərəf müəyyənləşdirəcək. Etiraf edək, bu məsələdə yalnız Azərbaycan tərəfi iştirak edəcəksə, söz yox ki, səslənəcək rəqəm müxtəlif dairələr tərəfindən obyektivlik kimi qəbul edilməyəcək. Çünki bu işə məhz xarici ölkələrin nüfuzlu auditor təşkilatları cəlb olunmalıdırlar ki, həmin işin davamı beynəlxalq məhkəmələrdə də qəbul edilsin, Azərbaycanın obyektivliyi dəyərləndirilsin.
Beynəlxalq Femida elə avtoritetə malik olmalıdır ki, verilən qərar ətrafında əlavə heç bir müzakirə aparılmasın
İkinci məsələdə - məhkəməyə gəlincə isə, burada da nüfuz öz sözünü deməlidir. Beynəlxalq Femida elə avtoritetə malik olmalıdır ki, verilən qərar ətrafında əlavə heç bir müzakirə aparılmasın. Misal üçün, Avropa məhkəməsi, hətta Londonun arbitraj məhkəməsi.
Üçüncüsü isə ən əsas məqamlardır. Ehtimal edək ki, Azərbaycan Ermənistanın 50-80 milyardlıq həcmində təzminat ödəyəcəyi məhkəməni udur və bizim xeyrimizə verilən qərardan sonra düşmən ölkənin razılaşmaqdan başqa heç bir çarəsi qalmır. Bu zaman iqtisadiyyatı, büdcəsi çökmüş erməni tərəfi necə etməlidir, təzminatı necə və nə ilə ödəməlidir? Burada Ermənistanın iki variantı qalır:
Birincisi, hər hansı ərazilərin, məsələn Zəngəzurun kompensasiya yerinə bütövlükdə, yaxud böyük bir hissəsinin Azərbaycana təhvil verilməsi.
İkincisi isə, Ermənistan bundan sonra heç vaxt Qarabağın statusu məsələsini qaldırmayacaq və s. Lakin Azərbaycan tərəfinin buna gedəcəyini gözləmək, ümumiyyətlə, olmaz. Çünki Prezident İlham Əliyevin də vurğuladığı kimi, bundan sonra heç bir status barədə danışılmayacaq və həmin məsələ artıq birdəfəlik qapadılıb.
Ermənistan dövlət olaraq imtiyazlarını, müstəqilliyini, suverenliyini itirir və sadəcə, xəritədə coğrafi məkan olaraq qalır
Lakin növbəti inandırıcı görünməyən, lakin sadəcə ehtimal edilə bilinəcək variant da var – bu borcu Ermənistanın yerinə Rusiyanın, Avropa İttifaqının, yaxud ABŞ-ın ödəməsi.Yəni bu ölkələr Ermənistanın təzminatının ödənilməsini üzərlərinə götürür və sonradan öz siyasi və s. yararlarını bu ölkənin sinəsinə çökməklə çıxarmağa başlayır. Onda da belə nəticəyə gəlmək olar ki, artıq Ermənistan ümumiyyətlə, dövlət olaraq imtiyazlarını, müstəqilliyini, suverenliyini itirir və sadəcə, xəritədə coğrafi məkan olaraq qalır, heç bir siyasi, iqtisadi və s. qərarlar vermək imkanına malik olmur, bu vəziyyətdə hətta kəskin, kütləvi emiqrasiya baş qaldırır, taleyi öz əlində olmayan erməni xalqı ölkəni kütləvi şəkildə tərk edir.
Əlbəttə, bu məsələləri daha çox yuxarıda qeyd edilən dairələr həll etmək, qərar çıxarmaq gücündədirlər. Söz yox ki, Azərbaycanın haqlı tələblərinin bu xüsusda mütləq şəkildə nəzərə alınması şərti ilə. Ona görə də, əminliklə ifadə etmək mümkündür ki, Ermənistan hara çevirsə, hansı məsuliyyətdən boyun qaçırmağa çalışsa belə, təzminat tələbindən yaxasını qurtara bilməyəcək. Bu baxımdan, Azərbaycan xalqını və dövlətini qarşıda daha bir qələbə gözləyir, tələsməyək...
Rövşən RƏSULOV