“Müasir dövrdə informasiya müharibəsi problemləri və onun təsiri” adlı vebinar keçirilib

24 Dekabr 2020 16:41 (UTC+04:00)

Ölkəmiz haqqında informasiyanı dünyaya çatdırmaq, gənc nəslin düşmənə qarşı məlum informasiya müharibəsindəki aktivliyini düzgün istiqamətləndirmək məqsədilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) tələbələri üçün “Müasir dövrdə informasiya müharibəsi problemləri və onun təsiri” adlı onlayn vebinar keçirilib.

Akademiyadan SİA-ya bildirilib ki, Xalq artisti, BMA-nın prorektoru, professor Yeganə Axundova bu ali təhsil ocağının rektoru, professor Fərhad Bədəlbəylinin salamlarını və bu mövzunun onun üçün önəmini vurğulayaraq, xoş arzularını vebinar iştirakçılarına çatdırıb.

Sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu “Müasir dövrdə media manipulyasiya və informasiya müharibəsi", “Media məkanımıza müdaxilədə başlıca hədəflər” mövzularında çıxış edərək, informasiya müharibəsində gənclərin sosial şəbəkələrdə necə aktiv olmaları haqqında tövsiyələrini bildirib. O, eyni zamanda 44 günlük Vətən müharibəsi zamanı KİV-lərin fəaliyyətindən, beynəlxalq mediadan, Ali Baş Komandanın beynəlxalq media nümayəndələrinə verdiyi uğurlu müsahibələri və xalqa müraciətləri zamanı qətiyyətli, əhəmiyyətli çıxışlarından misal gətirərək, apardığımız informasiya müharibəsinin də bu zəfər çalınmış savaşda önəmini vurğulayıb.

Ardınca Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Leyla Həmzəyeva 44 günlük Vətən müharibəsi zamanı diasporun xarici ölkələrlə qurulan əlaqələri, görülən işlərin hesabatı ilə çıxış edib və ona ünvanlanan sualları cavablandırıb.

Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən "Diplomatiya könüllüləri" qrupunun rəhbəri Nigar Eyvazzadə mövzu ətrafında geniş söhbət açaraq, bu sahədə informasiya müharibəsində gənclərin və könüllülərin aktiv iştirakı metodları haqqında vebinar iştirakçılarını məlumatlandırıb.

Vebinarda BMA-nın professor-müəllim heyətindən Əməkdar incəsənət xadimi, prorektor, professor Gülnaz Abdullazadə, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə, Xalq artisti, professor Zəhra Quliyeva, Xalq artisti, Əməkdar incəsənət xadimi, professor Yalçın Adıgözəlov, professor Mina Hacıyeva, dosent Kəmalə Ələsgərli, dosent Xatirə Həsənzadə, laboratoriya müdiri, dosent Nuridə İsmayılzadə öz təcrübələrini bölüşüb və məsələyə dair fikirlərini söyləyiblər. Çıxışçılar müasir dövrdə çox böyük önəm daşıyan informasiya müharibəsi problemləri və onun həlli ilə bağlı birgə fəaliyyət üçün maraqlı təkliflər irəli sürüb və gələcəkdə bu istiqamətdə birgə qarşılıqlı layihə həyata keçirməyin zəruriliyi qeyd ediblər. Tələbə heyəti də öz növbəsində aktiv iştirak edərək, əldə etdikləri məlumatlardan məmnun qaldıqlarını, belə vebinar və layihələrin davamlı olmasını arzuladıqlarını bildiriblər.

Qeyd edək ki, “Müasir dövrdə informasiya müharibəsi problemləri və onun təsiri” vebinarının moderatoru Beynəlxalq Əlaqələr şöbəsinin mütəxəssisi, bəstəkar Röya Hüseynova olub.