"Azərbaycanın müdafiə və təhlükəsizlik xərclərini artırması, yeni siyasi-hərbi çağırışlara hazır olmasına əsaslanır. Ermənistanın işğalında olan əraziləri işğaldan azad etməsinə baxmayaraq, hərbi xərcləri azaltmadı, daha da artırılması çox düzgün siyasətdir. Çünki regionda vəziyyət qeyri-stabil olaraq qalır. Yeni təhdidlərə və risklərə hazır olmaq üçün daha da güclü orduya malik olmaq lazımdır". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, ölkəmiz həssas və təhlükəsizliyin təhdid edildiyi bir regionda yerləşir: "Daima təxribatlara hazır olmalı, ölkəmizə qarşı istənilən hərbi təcavüzün qarşısını almağa qadir olmalıyıq. Hazırda Ermənistanla sülh müqaviləsi bağlanmayıb, yeni müharibə etmək imkanlarından məhrum olsa da, Rusiyanın forpostu olaraq qalır. Bu da Ermənistanın daima Rusiyanın bir aləti olacağının göstəricidir.
Bundan əlavə, Dağlıq Qarabağda Rusiyanın sülhməramlı missiyası müəyyən suallar doğurur və buradakı ermənilərin fəaliyyəti nəzarətdə saxlanmalı və qüdrətli hərbi üstünlüyümüzlə, bu ərazilərdə də suverenliyimizi bərpa etməliyik. Azərbaycan üç narahat qonşu - Rusiya, İran və Ermənistanla həmsərhəddir və bu ölkələrin ərazisinin bir hissəsi tarixi Azərbaycan torpaqlarıdır. Ona görə də hər üç ölkə daima çalışacaq ki, Azərbaycana təzyiq edə bilsin.
Regionda yeni bir siyasi nizam və iqtisadi əməkdaşlıq ortamı yaradılsa da, öz hərbi gücümüzü inkişaf etdirməliyik. Qarabağ müharibəsi göstərdi ki, NATO və Avropa İttifaqı və bu kimi təşkilatlar siyasi cəhətdən Azərbaycan üçün heçnə vəd etmedi. Həmçinin bu təşkilatlar Rusiya işğalından əziyyət çəkən ölkələrə tam dəstək verməkdən çəkinir. Yalnız öz geosiyasi maraqları kontekstində məsələyə qarışır. Bu müharibə göstərdi ki, Azərbaycana bu kimi təşkilatlar deyil, müttəfiq dövlətlər lazımdır. Beynəlxalq təşkilatlar artıq öz funksiyasını itirib.
Qeyd edim ki, Rusiya və İrandan daima ölkəmizə qarşı təhdidlərə hazır olmalıyıq. Türkiyə ilə hərbi müttəfiqlik müqaviləsi bağlanmalıdır. Heç bir ölkə ilə konfederasiya şəklində birləşmək siyasətini də kənara qoymalıyıq. Güclü ordu, güclü iqtisadiyyat və müstəqilliyimizi qorumalı, qardaş Türkiyə ilə müttəfiq olaraq yeni siyasi çağırışlara hazır olmalıyıq".