Yeni dələduzluq: Xakerlər elan saytları adından vətəndaşları necə soyur? - FOTOFAKT

22 Dekabr 2020 15:50 (UTC+04:00)

Son günlərdə yeni bir fırıldaq və soyğunçuluq forması ortaya çıxıb. SİA xəbər verir ki, elan saytlarında öz malını satışa qoyan vətəndaşlara naməlum şəxs tərəfindən mesaj göndərilir ki, mən hazırda xaricdəyəm, ona görə də gəlib nağd pul verib götürə bilməyəcəm, pulu sizin kart hesabına köçürmək istəyirəm, zəhmət olmasa kart nömrəsini, Swift kodunu və kart tarixini göndərin. Ya da yazılır ki, məsələn, Lalafo-nun hesabına köçürürəm, pulu ordan götürə bilərsiniz. Bir az sonra telefona mesaj və link gəlir ki, Lalafo.az-dakı profil hesabınıza 500 manat köçürüldü. Link “lalafo” sözü ilə başlayır və açılan səhifədə kartın məlumatlarını daxil etmək tələb olunur. Məlumatlar daxil olunduqdan sonra isə hesabınızdakı bütün pullar çıxarılır.

Aşağıdakı fotolarda 1 nəfər aldadılan və hesabından 1100 manat pulu oğurlanan (feysbuk skrin fotosuna bax- red) və 1 nəfər aldanmayan vətəndaşın mesajları (messencer skrin fotolarına bax-red) verilib.

Bundan xəbərdar olan kimi Lalafo onlayn elan saytı dərhal ön səhifədə bununla bağlı xəbərdarlıq qoyub (saytın foto skrininə bax- red). Lakin artıq neçə nəfər vətəndaş aldadılaraq bank hesabından xeyli pul çıxarılıb. Pulun hansı mənbədən çıxarıldığını da təyin etmək mümkün olmur.

Müətəxəssislər belə əməllərə qarşı ehtiyatlı olmağa, hesab nömrəsindən başqa digər məlumatların heç kimə verilməməsini məsləhət görürlər. Ümumiyyətlə, bank kartı istifadə edənlər ən azı bilməlidirlər ki, hesaba ödənişlə, hesabdan ödənişə fərqli kodlar tələb olunur. Hesaba ödəniş və ya köçürmə üçün bank hesab nömrəsi və (əgər kimsə terminaldan pul köçürəcəksə) şəxsiyyət vəsiqəsinin nömrəsi də tələb oluna bilər.

Kartdan ödəniş üçün isə öndə yazılan 16 rəqəmli kod, kartın bitmə tarixi, arxada qeyd olunan 3 rəqəmli Swift kodu tələb olunur- əgər siz bu kodları kiməsə vermisinizsə o sizin hesabdakı bütün pulu çıxara və ya aldığı mal üçün onlayn ödəniş edə bilər.

Ümumiyyətlə, ekspertlər kart hesabları üçün bankdan 3D təhlükəsizlik kodu almaq məsləhət görür.

Ehtiyatlı olun, elekron quldurların tələsinə düşməyin.

Elçin Bayramlı