Araik Nikolun üstünə getdi: proseslər bizim tərəfimizdədirmi? ANALİTİK

16 Dekabr 2020 16:23 (UTC+04:00)

Marionet “prezident” Paşinyana ünvanlanır: “Heç kimə sirr deyil ki, “müdafiə ordusu” (dırnaqlar bizimdir) faktiki olaraq necə və haradan idarə olunur”

Hazırda dövlətçilik dayaqlarını itirməkdə olan Ermənistanın marioneti, əlaltısı olaraq 30 il işğal altındakı torpaqlarımızda qanunsuzluqlar və cinayətlər törədən, on minlərlə azərbaycanlının doğma yurd-yuvalarından məhrum olunmasında, minlərlə soydaşımızın qətlə yetirilməsində rol alan və artıq mövcudluğunu itirən qondarma “dqr”in sonuncu “prezidenti” Araik Arutunyan bir müddət ortalıqda görünməsə də, yenidən peyda olub və bu dəfə növbəti “imicdə”. Bunun isə səbəbi açıqdır – özünü təmizə çıxarmaq və məsuliyyətdən boyun qaçırmaq üçün. Daha dəqiq desək, Araik Arutunyan yalnız erməni xalqının qarşısında deyil, həm də azərbaycanlıların qarşısında sələfləri kimi cinayət məsuliyyəti daşıyır və əbəs deyil ki, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib. Düzdür, onun axtarışda olmasına rəğmən, nədənsə Rusiya telekanallarında tanınmayan respublikanın “prezidenti” kimi təqdim edilməsi, eləcə də Rusiya sülhməramlılarının kontingent rəhbəri ilə görüşlər keçirməsi başqa mövzudur və bu barədə daha əvvəl də yazmışdıq, sonra da yazmağa davam edəcəyik.

Araik indi də İrəvana qarşı hücuma keçir və hədəfinin Paşinyan olması da isbat edir ki, o və ondan əvvəlki oyuncaq “prezidentlər” və saxta “dqr” 30 il marionetlər rolunu oynayıblar

Lakin indiki məqamda mövzu başqadır və daha dəqiq desək, Araik Arutunyanın Ermənistanın baş naziri Nikol Paşinyanın üzərindən özünə “xilas xalı” toplamaq cəhdləridir.

Araik indi də İrəvana qarşı hücuma keçir və hədəfinin Paşinyan olması da isbat edir ki, o və ondan əvvəlki oyuncaq “prezidentlər” və saxta “dqr” 30 il marionetlər rolunu oynayıblar. Məsələn, Araik Arutunyanın “Məgər mən Qarabağın ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün kifayət qədər imkanlara malik idimmi? Heç kimə sirr deyil ki, “müdafiə ordusu” (dırnaqlar bizimdir) faktiki olaraq necə və haradan idarə olunur, hansı ki, “artsax respublikasının prezidenti” bu proseslərə cəlb edilib. Mən “konstitusiya səlahiyyətləri” və real həyatın sərt funksional məhdudiyyətləri arasında olan nəhəng fərqlə mümkün olan hər şeyi etdim”, fikrini irəli sürülməsi də artıq deyilənləri təsdiqləmiş olur.

Beləliklə, vəziyyət tamamilə aydındır və bu gün azərbaycanlıların və bizim yanımızda olan dost və qardaşların marağında olan daha bir məsələnin gec, ya da tez bir zamanda həlli prosesi – yəni bizlərin istədiyi kimi nəticələnəcək proses davam edir...

Rövşən RƏSULOV