Kitabxana Ramiz Rövşənin doğum günü münasibətilə videoçarx hazırlayıb

15 Dekabr 2020 17:07 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının metodika və biblioqrafiya şöbəsi Xalq şairi Ramiz Rövşənin doğum günü münasibətilə videoçarx hazırlayıb.

Kitabxanadan SİA-ya bildirilib ki, videoçarxda şairin ömür yolu və yaradıcılığı barədə geniş məlumat yer alıb.

Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 nömrəli tam orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini, Moskva Ali Ssenari Kurslarını bitirib. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor, kinostudiyanın ssenari emalatxanasında ssenarist, ssenari redaksiya heyətinin üzvü, kinostudiyanın baş redaktoru, Azərbaycan Tərcümə Mərkəzinin baş redaktoru işləyib. Bir neçə şeir kitabının müəllifidir.

Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş sovet respublikalarında, ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Polşa, Bolqarıstan, Türkiyə və İranda çap olunub.
2013-cü ildə "Türk Dünyası Bilim, Kültür ve Sanat Ödülü"nü alıb. Avrasiya Akademiyasının akademiki və akademiyanın "Avrasiya Əfsanəsi" mükafatının sahidir.
Azərbaycan Respublikası Prezidentinin 25 may 2019 tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Xalq şairi fəxri adına layiq görülüb.

Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin, Dünya Poeziya Hərəkatı Koordinasiya Şurasının üzvüdür.

Mövzu ilə bağlı videoçarxı kitabxananın “YouTube” kanalından izləyə bilərsiniz.