Beynəlxalq Muğam Mərkəzinin “Qarabağın musiqi xəzinəsi” layihəsinin növbəti buraxılışı Qarabağ muğam məktəbinin görkəmli nümayəndəsi İslam Abdullayevə həsr olunub. SİA-nın məlumatına görə, Qarabağın bir çox məşhur xanəndələri “Segah” muğamını yüksək səviyyədə, məharətlə oxuyub. Onu daha sərbəst, özünəməxsus, hamının başa düşəcəyi bir tərzdə oxumaq xanəndəni məşhur, hörmətli edərdi. Bu cür xüsusiyyətlərə malik olan sənətkarlarımızdan biri də, İslam Abdullayev idi.
İslam Abdullayev 1876-cı il dekabr ayında Qarabağın ən gözəl dilbər guşəsi olan Şuşa şəhərində anadan olub. Azərbaycan musiqi mədəniyyəti tarixində silinməz izlər qoyan, əsl sənət xadimi olan Mir Möhsün Nəvvab 1883–cü ildə Şuşada tayı bərabəri olmayan bir məclis – “Xanəndələr məclisi”ni yaradıb. Məclisin əsas qayəsi, amalı yeni-yeni istedadlı xanəndələr nəsli yetişdirmək idi. Görkəmli musiqişünas alim Mir Möhsün Nəvvabın “Xanəndələr məclisinə” dəvət etdiyi istedadlı gənclərdən biri də İslam idi. İslamın bütün qəlblərə yol tapan, xoş avazlı səsindən xəbər tutan M.M.Nəvvab onu o dövrün məşhur sənətkarlarından dərs alıb öyrənməsinə, muğamın sirlərinə daha da dərindən bələd olmasına şərait yaradıb. Qısa bir zaman içərisində İslam öz istedadı, qabiliyyəti, xoş rəftarı ilə musiqini qavrama, duyma bacarığını birləşdirərək çox zəngin xarakterə malik istedadlı bir xanəndə kimi formalaşıb.
İslamın ilk dəfə “Segah” oxumağa başlaması məşhur tarzən Sadıqcanın oğlunun toyunda olub. Həmin gün İslam “Segahı” elə məharərlə, özünəməxsus bir tərzdə oxudu ki,bütün məclis əhlini heyran qoydu.Tez bir zamanda səsi bütün Qarabağa yayıldı. “Segah” xüsusilə də “Yetim Segah” oxumağı ilə ürəkləri titrədən İslama hamı “Segah İslam” deyə müraciət edirdi.
İslam Abdullayev 1901–1905–ci illərdə tarzən Qurban Pirimovla birlikdə Qarabağ, Gəncə məclislərində çıxış edib. Qurban Pirimov deyirdi ki, o, “Yetim segah”ı oxuyanda elə bil dağı–daşı dilə gətirirdi. İslamın “Segah”ı gənc xanəndələr üçün bir məktəb olub.
İstedadlı xanəndə uzun illər Azərbaycan Dövlət Estradasının solisti olur. Qocaman xanəndə İslam Abdullayev 1949-cu ildə 73 yaşında Azərbaycanın “Əməkdar artisti” adına layiq görülüb.
İstedadlı xanəndəmiz İslam Abdullayev 1964-cü il 22 sentyabrda əbədi olaraq gözlərini yumaraq dünyasını dəyişib.