Rasim Əliquliyev Azərbaycanı beynəlxalq tədbirlərdə təmsil edəcək
19 May 2011 10:12 (UTC+04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun direktoru, professor Rasim Əliquliyev Azərbaycanı bir sıra beynəlxalq tədbirlərdə təmsil edəcək. Bu barədə SİA-ya Rasim Əliquliyevin özü məlumat verib. O bildirib ki, 19-20 may tarixlərində Çexiyanın paytaxtı Praqada TERENA-nın (Trans-European Research and Education Networking Accociation - Trans-Avropa Elmi Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyası) Baş Assambleyasının 35-ci toplantısı keçiriləcək. Onun sözlərinə görə, bundan əlavə, mayın 23-24-də Almaniyanın paytaxtı Berlində TERENA-nın təşkilatçılığı ilə "ASPIRE Launch workshop" mövzusunda seminar təşkil olunacaq. R.Əliquliyev vurğulayıb ki, hər iki beynəlxalq tədbirdə Azərbaycanı o özü təmsil edəcək.
ASPIRE layihəsinin aprelin 1-dən etibarən start götürdüyünü deyən institut direktoru qeyd edib ki, 18 ay ərzində başa çatdırılması nəzərdə tutulan layihədə elm və təhsil sahəsində İnternetin inkişaf perspektivləri, problemlər və onların həlli yollarının araşdırılması, ümumavropa səviyyəsində, xüsusilə də universitetlərarası əməkdaşlığın və bilik mübadiləsinin stimullaşdırılması, Avropada geniş tətbiq edilə biləcək ən yaxşı təcrübənin müəyyən edilməsi üzrə işlər aparılacaq.
"Layihənin həyata keçirildiyi müddət ərzində konfrans və seminarlar, konsultasiyalar keçiriləcək. ASPİRE layihəsi çərçivəsində əldə edilən nəticələr, görülən işlər haqqında hesabat xarakteri daşıyan seminarda sosial media, şəbəkə texnologiyalarının inkişafı, "bulud" xidmətləri sahəsində innovasiyaların əldə edilməsi, "rəqəmsal uçurum"un aradan qaldırılması, həmçinin bir sıra tədqiqatların strateji istiqamətlərinin müəyyən edilməsi üzrə aparılan işlərə dair geniş məlumat veriləcək, müzakirə və fikir mübadiləsi aparılacaq", - deyə o söyləyib.