Paşinyan istefa verməkdən imtina edir

5 Dekabr 2020 13:14 (UTC+04:00)

Paşinyan guya ki, xalqın hakimiyyətinin şübhə altına alınmaması baxımından istefa verməyəcəyini bəyan edib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, baş nazir bu barədə öz Facebook səhifəsində canlı olaraq müraciətində deyib.

Baş nazir bildirib ki, Ermənistanda məhkəmə sistemində və partiyalar haqqında qanunda islahatların aparılması üçün fəal iş aparılır. Onun sözlərinə görə, islahatların məqsədi onu hakimiyyətdə saxlamaq deyil, guya xalqı hakimiyyətdə saxlamaqdır.
“Bu, o deməkdir ki, Ermənistan xalqı sərbəst şəkildə hakimiyyəti seçmək imkanına malik olmalıdır. Tarixdə heç kimin rədd etmədiyi yeganə parlament seçkiləri 2018-ci ildə baş verib. Bu gün Ermənistanda baş verən bəzi siyasi proseslərin mənası bəllidir. Bəzi dairələr bu seçkinin qanunsuz olması üçün hər şeyi etmək istəyirlər. Biz buna imkan vermərik. Xalqın hakimiyyəti sorğu-sual edilə bilməz”, deyə Nikol Paşinyan istefa verməkdən imtina etdiyini açıq şəkildə bəyan edib.
Xatırladaq ki, imzaladığı təslim aktından sonra Ermənistanda müxalifət Paşinyanın istefasını tələb edir və keçmiş baş nazir Vazgen Manukyan müxalifət tərəfindən müvəqqəti hökumətin başçısı vəzifəsinə namizəd olaraq göstərilib.
Qeyd edək ki, bu gün İrəvanda ümumxalq mitinqi adı altında bir müxalifət mitinqi keçirilir.