Beləliklə, niyə 10 noyabr yox, 8 noyabr... - ANALİZ

5 Dekabr 2020 13:00 (UTC+04:00)

"8 noyabr tarixinin Zəfər bayramı kimi qanuniləşdirilməsi Prezident İlham Əliyevin ən dəqiq tarixi seçimlərindən biridir. Bu seçim arqumentlidir, məntiqlidir, ən peşəkar təftişçilərə belə fürsət verməyən qərardır, məzmuna görə real və praktikdir, tarixiliyə görə əbədidir, mübahisəsizdir. 8 və 10 noyabr tarixlərini məzmun baxımından müqayisə etmək yetərlidir". SİA xəbər verir ki, bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redkatoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, 10 noyabr 2020-ci il bizim üçün Azərbaycanın üç rayonunu-Kəlbəcər, Ağdam və Laçını dinc yolla və itkilər vermədən qaytarmağa imkan yaratdı: "Ancaq əvvəlki dörd rayonu və üstünə gəl Şuşa və Hadrutun bir hissəsini hərbi yolla necə azad etmişdiksə, gərək olacağı təqdirdə ordumuzun o sürəti ilə son üç rayonu da döyüşə-döyüşə azad edə bilərdik. 10 noyabr 27 sentyabradan başlamış müharibəni Ermənistanın təslim olması ilə yekunlaşdıran simvol kimi də əhəmiyyətlidir. Lakin yenə bir "lakin "var. Məsələ odur ki, 10 noyabr yalnız fəal hərbi əməliyyatların bitdiyini ehtiva edən rəmzdir. O, hələ son qələbə deyil. Prezident BMT tribunasında Ermənistanla münaqişənin bitdiyini rəsmən bəyan etdi və bu o deməkdir ki, proseslər məğlub Ermənistanla davamlı və hərtərəfli yekun sülh sazişinin imzalanmasına doğru gedir. Bu sazişin hansı dövlətlərin qarantlığı ilə imzalanacağı isə gələcəyin işidir".

Ekspert bildirib ki, məğlub Ermənistanla yekun saziş imzalanan kimi 10 noyabr razılaşması öz tarixi rolunu başa çatdırmış olacaq: "Bizə isə hansısa dövrdən sonra öz rolunu, statusunu və missiyasini itirə bilən tarixi simvol gərək deyil. Bizə bütün sonrakı tarixlər boyu hər bir azərbaycanlının qürur duyacağı və əbədi yaşaya bilən Zəfər simvolu lazımdır. Heç şübhəsiz ki, Prezident İlham Əliyev bütün bu nüansları öncədən görüb və hətta yüz illər bundan sonrakı tarixlərimizin də bütün sorğularına şətəflə duruş gətirə bilən günü seçib-8 noyabr... 8 noyabr bizim üçün hansı məzmuna malikdir? 10 noyabr hadisəsindən fərqli olaraq o heç vaxt köhnəlməyəcək, hətta Ermənistanla yekun saziş imzalandıqdan sonra da əhəmiyyətini və rolunu itirməyəcək. Çünki məğlub Ermənistanla nə vaxtsa imzalayacağımız yekun sazişinin fundamenti məhz 8 noyabr hadisələrindən ibarət olacaq, yekun saziş əsasən Şuşa zəfərinin azadlığı üstündə duracaq. Ermənistanın təslimatı Şuşadan sonra başlamadımı? Şuşaya qədər Paşinyan müqaviməti dayandırmaq barədə kimlərin sözünü yerə salmadı? Tək Makrondan başqa hamı ona dedi ki, dayan, yetər, Şuşanı ver. Vermədi".

A.Quliyev vurğulayıb ki, Paşinyan Ağdamın ətrafındakı "keçilməz" 5 istehkam xəttinə və Xankəndiyə girmədən Şuşanın alınmasının mümkünsüzlüyünə güvənirdi: "Ancaq nahaqq yerə. Bizimkilər 8 noyabrda Şuşanı , ardınca 70 kəndi elə bir əməliyyatla götürdülər ki, ermənilər hələ də baş sındırır ki, bu necə oldu. Köçəryanın Rusiya televiziyasına naçar müsahibəsinə baxın, hər şey etiraf olunur. Şuşanın geri alınması tək Paşinyanın yox, bütün daşnak-millətçi Ermənistanın belini qırdı. Məntiqi olaraq bütün Azərbaycanın 30 il yarıbükük qalmış qamətini, qürurunu və şərəfini dikəltdi. Bütün xalqımızın şərəf və namus məsələsi olan, həm də sonrakı hadisələri də həll edən Şuşanın azad edilməsinin hansısa bir məntiq, zaman ya hadisə fonunda əhəmiyyətini itirə biləcəyini düşünürsünüzmü?! Təbii ki, yox. 10 noyabr məzmun və tarixilik baxımından 8 noyabr hadisəsinə alternativ ola bilməz. Prezidentin 8 noyabr Zəfər seçimi tarixi əhəmiyyətli, hər cür mümkün tənqidə dözümlü , əbədi və qürurludur".