"Covid-19 yeni virus olduğu üçün..." ÖZƏL-MÜNASİBƏT

5 Dekabr 2020 12:24 (UTC+04:00)

"BMT Baş Assambleyasının xüsusi sessiyası, məhz Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilmişdir. Nəzərə almaq lazımdır ki, pandemiya başlanan andan dövlətlərarası münasibətlər sistemində bir durğunluq yaşanırdı. Beynəlxalq təşkilatlar fəaliyyətlərini dondurmuşdular. Belə bir halda, Prezident İlham Əliyev "Qoşulmama Hərəkatına" daxil olan ölkələrin təmas qrupu formatında, Türk Şurası və digər beynəlxalq təşkilatları bir araya gətirməklə, onlayn rejimdə konfranslar keçirdi". Bunu SİA-ya millət vəkili Nəsib Məhəməliyev deyib.

Deputatın sözlərinə görə, Covid-19 yeni virus olduğu üçün bir çox ölkələrdə tibbi ləvazimatların, dərmanların kəskin çatışmazlığını nəzərə alaraq, iqtisadi imkanları zəif olan dövlətlərə maddi yardımlar göstərildi: "Maarifləndirmə işləri aparıldı. Biz bunun əməli nəticəsində BMT TŞ-da ölkəmizin əleyhinə qətnamə qəbul olunması cəhdlərində gördük. Ciddi təzyiqlərə baxmayaraq, məhz Qoşulmama Hərəkatına daxil olan ölkələrin prinsipial mövqeyi bunun qarşısını aldı. İkinci qürurverici məqam, dünyanın 120 ölkəsi adından Azərbaycan dövlət başçısının çıxış etməsidir. Bu da təbii olaraq, ölkəmizin beynəlxalq nüfuzunun göstəricisi olmaqla bərabər, indiki halda olduqca böyük siyasi dəstək deməkdir. Üçüncü məqam isə ondan ibarətdir ki, dövlət müstəqilliyimiz bərpa olunan vaxtdan bəri ilk dəfə belə bir mötəbər tribunadan qalib ölkənin rəhbəri timsalında Azərbaycan adından çıxış oldu. Mənə elə gəlir ki, bundan böyük xoşbəxtlik olmaz. Qalib ölkənin vətəndaşı olaraq, hər bir azərbaycanlı bununla fəxr edir".