"Onlar həyata ay-ulduzla bağlanan uşaqlarımızı anlamaqda acizdirlər" - Fəxrəddin Altun

5 Dekabr 2020 11:43 (UTC+04:00)

"Bizim oralarda nə işimiz var?" deyən zehniyyət Çanaqqalada uyuyan şəhidlərimizin mirasını, Türkiyə və Azərbaycan bayraqları ilə Bakıda küçələrə çıxan soydaşlarımızı, həyata ay və ulduzla bağlanan uşaqlarımızı anlamaqda acizdir" SİA xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Türkiyənin Qızıl Aypara Cəmiyyəti tərəfindən "Yaxşılıq etmək kimə yaraşmaz ki?" mövzusunda təşkil edilən "Qızıl Aypara söhbətləri"nə video mesajla qatılıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın güclü liderliyi ilə Türkiyənin humanitar sahədə dünyanın lider ölkələrindən biri olduğunu qeyd edən Fəxrəddin Altun, Qızıl Aypara Cəmiyyəti başda olmaqla bütün əlaqədar qurum və təşkilatların bu proseslərə əhəmiyyətli töhfələr verdiyini bildirib. Altun, Prezident Ərdoğanın beynəlxalq əməkdaşlıq, həmrəylik, haqsızlıq və ədalətsizliklərə qarşı səssiz qalmamağı şüar edən təşəbbüsünün hər sahədə olduğu kimi humanitar yardım sahəsindəki fəaliyyətlərində də liderlik etdiyini vurğulayıb.

İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Türkiyənin son illərdə humanitar yardım sahəsində dünya liderliyinə yüksələrək bir daha beynəlxalq cəmiyyətin hörmət və təqdirini qazandığını vurğulayıb: "Türkiyə olaraq ‘yaradılanı Yaradandan ötrü sevərək irqçilik və faşizm kimi xəstəliklərdən uzaq olduq. Kökü xaricdə deyil Anadolu coğrafiyasında olan bir insan sevgisiylə Afrikadan Cənub-Şərqi Asiyaya və Cənubi Amerikaya qədər hər yerdə istismar etməyi yox, tale ortaqlığı və əlaqələri qurmağı hədəflədik. Bu gün müstəmləkəçiliyin zərbə vurduğu bu coğrafiyalarda bəzilərinin ölkəmizə göstərdiyi münasibətdən narahat olduğu sirr deyil. Türkiyənin tarixinə yaraşan bir şəkildə səssizlərin səsi olmasından daxildə və xaricdə narazı olanlar vardır. Hər fürsətdə "Bizim oralarda nə işimiz var deyən?" idxal zehniyyət, Çanaqqalada uyuyan şəhidlərimizin mirasını, Bakıda Türkiyə və Azərbaycan bayraqları ilə küçələrə çıxan soydaşlarımızı, həyata ay və ulduzla bağlanan uşaqlarımızı anlamaqda acizdir".

Fəxrəddin Altun, Qızıl Aypara Cəmiyyəti könüllülərinin Türkiyənin hər yerində çox önəmli işlərə imza atdığını vurğulayaraq "Bu baxımdan xüsusilə bütün gənclərimizi Qızıl Aypara Cəmiyyəti könüllüsü olmağa dəvət edirəm.", - deyə bildirib.