Ermənistan 25 ildə işğalçı kimi tanınıb - Paşinyan

5 Dekabr 2020 10:50 (UTC+04:00)

Paşinyan Nazirlər Kabinetinin onlayn iclasını keçirib. SİA xəbər verir ki, iclasda Paşinyan müharibədəki məğlubiyyətin məsuliyyətini öz üzərinə götürdüyünü bir daha qeyd edib. Daha sonra Paşinyan ona qarşı ittihamlar səsləndirən Koçaryanı tənqid edib.

Paşinyan: "Qarabağ məsələsi 2,5 ilin məsələsi deyil, 25 ilin məsələsidir. Açıq danışmaq lazımdır ki, Ermənistan 25 ildə torpaq işğalçısı kimi tanınıb. 2,5 il ərzində ordunu necə gücləndirə bilərdim? Əvvəlki onilliklərdə hakimiyyətdəki şəxslər pulları mənimsəyib və özlərinə xaricdə villalar tikdiriblər".

Paşinyan bildirib ki, müharibədə ölən erməni hərbçilərinin xatirəsi anılacaq. Sadəcə tanınmayan meyitlərin çoxluğu və itkilərin tam müəyyən edilməsi prosesi davam edir. Hər şey bitəndən sonra Ermənistanda Anım Günü keçiriləcək.