ABŞ-dakı seçkilərə baxış: Günümüzdəki demokratiya ideologiyadır, yoxsa zərurət

4 Dekabr 2020 22:18 (UTC+04:00)

Cari ilin 3 noyabr tarixində ABŞ-da keçirilmiş Prezident seçkilərindən bir aydan artıq vaxt keçir. Bu seçkilərin nəticəsi dünyanın super dövlətinin 46-cı prezidentinin adına aydınlıq gətirməlidir (əgər Donald Tramp 2-ci dəfə prezident seçilməsə).

ABŞ-da mövcud seçki sisteminə görə dövlət başçısı 538 nəfərdən ibarət Seçkiçilər Kollegiyası tərəfindən seçilir. Hər bir ştatı təmsil edən seçkiçilərin sayı Konqresdə həmin ştatın nümayəndələrinin sayına bərabərdir. Seçkiçilər seçkilərdə əvvəlcə onların ştatında qalib gəlmiş namizədə səs verməlidirlər, lakin bunu bir vəzifə kimi tələb edən qanun yoxdur. Beləliklə, namizəd öz opponenti ilə müqayisədə daha çox amerikalının səsini topladığı halda, seçkiçilərin həmin namizədə daha az səs verməsi nəticəsində uduza bilər.

Noyabrın 4-ə olan nəticələrə görə, Bayden Seçkiçilər Kollegiyasında 248 səsə, Tramp isə 214 səsə malikdir. Seçkilərdə qələbə üçün hər hansı bir namizəd 270 səs toplamalı idi.

Artıq bu gün Baydenin qələbəsi heç kimdə şübhə doğurmur. Dünyanın bir çox dövlət və hökumət nümayəndələri artıq Baydeni qələbə münasibətilə təbrik də ediblər.

Dünyanın bir nömrəli demokratiya carçısı hesab edilən ABŞ-ın hal-hazırkı Prezidenti Donald Tramp isə öz opponentini seçkiləri saxtalaşdırmaqda ittiham edir.

Belə bir məqamda bizləri belə bir sual düşündürür: Bu gün dünyanın demokratiya qarantı hesab edilən ABŞ-dakı bu anlayışla demokratiyanın yaradıcısı kimi tarixə düşən Yunanıstan demokratiyası arasında çoxmu fərq var?

Bu baxımdan, ABŞ-da bu gün prezident seçkiləri ətrafında baş verən gərginlik bizi "demokratiya" nəzəriyyəsinə bir daha nəzər salmağa vadar edir.

Əvvəlcə, elə demokratiya sözü ( yunancadan demos - xalq və kratos - hakimiyyət) "xalq" və "hakimiyyət" sözlərinin birləşməsindən yaranıb, "xalqı idarəçilik" mənasını verir. Xalq dedikdə isə seçici olaraq, o dövr Yunanıstanın yalnız 20 yaşdan yuxarı azad kişiləri nəzərdə tutulurdu. Yəni, ölkənin idarəsində qadınların, qulların və elita üzvü olmayanların heç bir rolu, seçici hissəsi olmurdu. Yəni, tam da Sokrat, daha sonra isə Platonun istədiyi kimi yalnızca elita üzvlərinin bunlara hüququ çatırdı. Qədim Yunanıstanda isə elita dedikdə ağıla feodallar yox, savadlı, oturuşmuş təbəqə gəlirdi. Bu məqamda isə ağıla bir sual gəlir. Qadınlar, savadı olmayanlar, qullar insan hesab edilmir? Deməli, e.ə 5-ci əsrdə Yunanıstanda tək idarəçi yerinə çoxluğun diktaturası var idi. Bu sualları verdikcə günümüzə qayıdaq.

Seçkidə 3 partiya var: ’’A’’51%, ’’B’’29%, ’’C’’20% kimi səslər toplayır. Təbii olaraq, ’’A’’ partiyası hakimiyyətə gəlir və 51% seçicinin istəklərini yerinə yetirir. Bəs digər partiyalar? Seçicilərin yarısı isə öz istəklərindən məhrum qalır. Deməli,demokratiya daha yaxşı alternativi olmayan, bəzi hallarda isə müəyyən yerlərdə insan hüquqlarını pozan ideologiyadır. Çoxluğun, yəni, həmin o ’’A‘’ partiyasının diktaturasının qarşısını almaq üçün Jon Look, Monteskyö addımlar atır, idarəçəliyi qollara bölür. Beləliklə, diktatorluq edə biləcək çoxluğun gücü də bölünür. Yuxarıda yazdığım insan hüquqları pozuntusu da düzəlir. Avram Linkolnun dövründə, onun öz təbirincə desək, "Xalqın xalq tərəfindən xalq üçün idarəsi"nə çox keçmədən qaradərililər də öz səslərini verirlər.

Amma demokratiyanın zəif cəhətləri bitmir. İdeal demokratiya və orijinal seçki nümunəsi olan Amerika dövlətçiliyinin yaxın tarixində də buna rast gəlirik..1972-ci ildə baş verən Uotergeyt böhranı Respublikaçı partiyanın dinləmə qurğusu birbaşa seçkilərə təsir etdiyindən Riçard Nikson istefa verməli olur. Daha sonra baş verən çaxnaşmaları isə saymaqla bitmir. Bu gün belə Joe Baydenin başına 2-ci bir Uotergeyt hadisəsinin gəlməyəcəyinə əmin olmaq çətindir. Əgər ABŞ respublikaçıları həqiqətən məğlub olsa belə milyonlarla respublikaçı vətəndaş illərlə öz demokratiya hüquqlarından məhrum qalacaq və bu da öz növbəsində, qıcıqla bərabər daha sərt qütbləşmə yaradacaq.

Məsələn, e.ə 399-cu ildə Sokrat 52% səslə ölüm cəzasına məhkum olunur. Məhkəmədə səsverməyə qatılan 500 nümayəndənin bitərəf olduğu sual altında idi. Bunlara rəğmən, Sokrat qərardan qaçmır, ölümü ilə demokratiyanın və onun seçki sisteminin yanlış olduğunu isbat edir.

Qeyd edək ki, Sokrat kimi filosof cəmiyyəti "yoldan çıxardığı" üçün ittiham edilirdi. Deməli, həmin 52% yunanlı elmin, tərəqqinin inkişafındansa, öz mövqelərini bərkitməyi seçdi və Sokratı haqsızca ittiham etdi. Beləliklə, biz heç vaxt seçicinin, nə də onun nümayəndəsinin nə dərəcədə bitərəf olduğundan əmin ola bilmirik.

Karl Kopper qeyd edir ki, "Demokratiya yox, onun praktikası yanlış ola bilər" . Beləliklə, problemi sistemdə yox, özümüzdə axtarmalıyıq. Ədalət naminə bitərəf olaq, mənfəətcil yanaşmadan uzaq qalaq. Axı o tez-tez tənqid etdiyimiz sistemləri də biz insanlar təşkil edirik. Hər bir sistem orqanlardan təşkil olunur. Biz də elə tənqid etdiyimiz sistemlərin orqanları ola bilərik. Deməli, bəzən nümunəvi orqan olmaq bütün tənqidlərdən daha güclü ola bilər.

Zərdüşt Quluzadə

"Resurs" Analitik İnformasiya Mərkəzinin əməkdaşı