Erməni diplomatlar da istefa tələbi edirlər Paşinyan və komandasından

4 Dekabr 2020 17:08 (UTC+04:00)

Artıq erməni diplomatlar da baş nazir Nikol paşinyanın və hökumətin istefasını tələb edirlər. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə bəyanatı Ermənistanı çətin günlərin gözlədiyinə inanan bir neçə səfir və xüsusi elçi imzalayıb.

Diplomatlar qeyd ediblər ki, hakimiyyətin yürütdüyü qeyri-uzaqgörən xarici siyasət ölkəyə ciddi problemlər gətirib. Onların fikrincə, Rusiya ilə müttəfiqlik münasibətlərinə lazımi diqqət verilməyib, İran, Çin, Gürcüstan ilə tərəfdaşlıqlar, eləcə də ABŞ, Avropa və digər sahələrdə çoxşaxəli əlaqələr də fəal şəkildə inkişaf etdirilməyib. Bütün bu amillər birləşərək 9 noyabr tarixində məğlubiyyət sənədinin imzalanmasına səbəb olub.

Eyni zamanda, keçmiş səfirlər və xüsusi elçilər imzalanan sənəddə baş nazirin xüsusilə, Dağlıq Qarabağın vəziyyəti, ərazilər, rabitə blokadası, əsir və girov götürülənlər, ölənlərin cəsədlərinin mübadiləsi, habelə məcburi köçkünlərin və qaçqınların geri qaytarılması ilə bağlı bir çox suallar buraxdığını qeyd ediblər. Erməni diplomatların layiqli danışıqlar üçün zəmin hazırlamaq istiqamətində çox ciddi bir iş görməli olduqlarını vurğulayıblar.