Daha 693 erməni əsgərinin cəsədi tapıldı

4 Dekabr 2020 16:12 (UTC+04:00)

Ölən hərbçilərin cəsədlərinin axtarışı nəticəsində artıq 693 erməni hərbçinin cəsədini tapıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə qondarma rejimin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Hunan Tadevosyan Armenpress-ə açıqlamasında deyib.

Şöbə müdiri axtarışların davam etdiyini də qeyd edib.

“Polis və Müdafiə Ordusu artıq işə qoşulub. Cəsədlərin mübadiləsi mütəmadi olaraq həyata keçirilir", deyə Tadevosyan bildirib.

Axtarışlar zamanı canlı hərbçi tapılıb-tapılmadığını soruşduqda, Tadevosyan Şuşada belə bir hal olduğunu deyib, lakin o vaxtdan bəri belə hallar olmadığını da diqqətə çatdırıb.

Onun sözlərinə görə, yüksək səviyyəli rus zabitlərinin iştirakı ilə məhbus mübadiləsinə dair danışıqlar ən yüksək səviyyədə aparılır, lakin bu günə qədər heç bir nəticə yoxdur.