Ermənistanda siyasi çöküş davam edir - Paşinyan gedir?

4 Dekabr 2020 15:39 (UTC+04:00)

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə daxilində reytinqi 40 faizdən aşağı düşüb. SİA xəbər verir ki, 2020-ci ilin iyul ayında xalqın 85%-i tərəfindən dəstəklənən baş nazirin dekabr ayına olan reytinqi 38% təşkil edir.

Ermənilərin təqribən yarısı Paşinyanın istefaya getməli olduğuna inanır.

Bunu “Gallup” Beynəlxalq Birliyinin Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan “Gallup”un son sorğusunun nəticələrini oxuduğu mətbuat konfransında açıqlayıb.

O bildirib ki, anket 25 noyabr - 2 dekabr tarixləri arasında telefon vasitəsilə aparılıb və Ermənistanın bütün şəhər və rayonlarını əhatə edib: "Nikol Paşinyanın indi nə edəcəyini soruşduqda, respondentlərin 38% -i baş nazirin vəzifəsini davam etdirməli olduğunu, 45% -i istefa verməli olduğuna inandığını söyləyib”.

Navasardyan onu da qeyd edib ki, hazırkı baş nazirin reytinqi iki hadisədən sonra - 26 oktyabrda canlı yayımda Ermənistanın güzəştə getməli və 9 noyabrda Qarabağla bağlı bir bəyanat imzalamalı olduğunu söylədikdən sonra düşüb.

Respondentlərin 42% -i baş nazirin 6 aylıq böhran əleyhinə proqramı ilə tanış olduqlarını, yarısından çoxu (53%) onu oxumadığını söyləyib. 41% -i erkən seçkilərə ehtiyac görməyib. Respondentlərin 46% -i seçkilərə ehtiyac olduğunu bildirib.

Respondentlərin yarısından çoxu - 56%-i Qarabağdakı müharibədən sonra Ermənistanda özlərini təhlükəsiz hiss etmədiklərini qeyd edib.