"Azərbaycanın gücü, potensialı bölgədə yeni reallıqlar yaradacaq" Məlahət İbrahimqızı

3 Dekabr 2020 16:18 (UTC+04:00)

“Laçın rayonu böyük strateji əhəmiyyətə malikdir. Bu baxımdan, rayonun işğaldan azad olunması tarixi hadisədir. Laçının azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesi başa çatdı”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı deyib.

Məlahət İbrahimqızı bildirib ki, Prezident İlham Əliyev hər zaman qətiyyətli, cəsarətli mövqe nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını daim müdafiə edib. 10 noyabr razılaşmasının müxtəlif variantları üzərində müzakirələrdə, ümumiyyətlə, danışıqlar prosesinin müxtəlif mərhələlərində Prezident İlham Əliyevin göstərdiyi prinsipiallıq və qətiyyət, milli maraqlarımızı cəsarətlə müdafiə etməsi, böyük diplomatik məharəti, dəqiq, məqsədyönlü, ardıcıl siyasət aparması qazanılmış tarixi qələbənin məntiqi nəticəsidir.

Millət vəkilinin fikrincə, Azərbaycanın gücü, potensialı və strateji yanaşması bölgədə yeni reallıq yaradacaq. Güclü və böyük iqtisadi potensiala malik Azərbaycanın işğaldan azad edilmiş ərazilərin sürətli inkişafına nail olacaq, bu bölgələrin ən qabaqcıl standartlara uyğun yenidən bərpa ediləcəyi, oarada yaşayan əhalinin rifahı üçün bütün addımılar atılacaq və bütün bunlar həmin regionda yaşayan bütün insanlar, o cümlədən Dağlıq Qarabağda yaşayan ermənilər üçün yeni perspektivlər açacaq.

Müharibədə məğlub olan Ermənistanın beynəlxalq münasibətlər sistemində subyekt deyil, obyekt olduğunu deyən M.İbrahimqızının sözlərinə görə, erməni tərəfinin bu vəziyyətə düşməsi Azərbaycana qarşı işğalçılıq siyasətinin nəticəsidir. Əgər bu ölkə zamanında Azərbaycanın çağırışlarına əməl edib işğalçılıq siyasətinə son qoysaydı, regionda həyata keçirilən qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrinin iştirakçısı ola bilərdi. Prezident İlham Əliyev dekabrın 1-də Azərbaycan xalqına müraciəti zamanı bu məsələlərlə bağlı fikirlərini ətraflı şəkildə ifadə etdi.

Deputat qeyd edib ki, hazırda noyabrın 10-da imzalanmış bəyanatın müddəaları ardıcıl şəkildə icra edilir: “Razılaşmalara əsasən atəşkəs təmin edilib, üç rayon Azərbaycana qaytarılıb, Rusiya sülhməramlıları bölgədə yerləşdirilib, atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz (Türkiyə-Rusiya mərkəzi) yaradılmaqdadır. Növbəti 3 il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi təmin olunacaq. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi davam edir. Eyni zamanda, BMT-nin nəzarəti altında məcburi köçkünlər, o cümlədən də azərbaycanlılar Dağlıq Qarabağın bütün yerlərinə qayıdacaqlar. Azərbaycanın qərb rayonları və Naxçıvan MR arasında nəqliyyat əlaqəsi yaradılacaq. Bir məqamı qeyd etmək istəyirəm ki, Naxçıvana quru dəhlizin açılması mühüm tarixi nailiyyətdir. Məhz Azərbaycan Prezidentinin təkidi ilə əvvəllər nəzərdə tutulmayan Azərbaycanın qərb rayonları və Naxçıvan MR arasında nəqliyyat əlaqəsi yaradılacaq. Bununla da Naxçıvan həm blokadadan çıxarılır, eyni zamanda, yeni nəqliyyat damarı yaradılır. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla, həmçinin Türkiyə ilə birləşir. Belə bir yeni nəqliyyat dəhlizinin yaradılması regionda yeni əməkdaşlıq imkanları yaradacaq”.

M.İbrahimqızı bildirib ki, dövlət başçısının müvafiq sərənsamları ilə ölkəmizdə hər il 27 sentyabr Anım Günü, 8 noyabr isə Zəfər Günü kimi qeyd olunacaq: “Bu təqvimlər tariximizdə əbədi yaşayacaq”. yap.org.az