COVID-19 pandemiyası ilə mübarizədə güclü olaq

3 Dekabr 2020 14:25 (UTC+04:00)

Bu gün dünya ölkələrinə olduğu kimi, Azərbaycan da COVID-19 pandemiyası sürətlə yayılmaqdadır. Bu qorxunc xəstəlik yeni tip virusdur və qarşısını almaq mümkün olmadığından məsuliyyət insanların üzərinə düşür. Dünya ölkələrində bu istiqamətdə ciddi araşdırlmalar aparılsa da hələ ki, müsbət nəticə əldə olunmayıb. Vaksinin hazırlanmasına vaxt tələb olunur və bu baxımdan qorxunc xəstləliklə birgə yaşamaq məcburiyyətindəyik.

İnsanların kütləvi şəkildə toplaşmasının məhdudlaşdırılması, məsafənin saxlanılması və tibbi qoruyucu vasitələrdən istifadə üzərimizə vətəndaş olaraq üzərimizə düşən məsuliyyətdir. Bir nəfərin məsuliyyətsiz davranışı neçə-neçə insanı virusun daşıyıcısına çevirə bilər. Tələb edilən qaydalara əməl etməsək virusun kabus olaraq əhatəmizi daha geniş şəkildə bürüyəcəyini dərk etməliyik. Təbii ki, dövlətin qətiyyətli və düşünülmüş addımları, vətəndaşların məsuliyyəti imkan verəcək ki, bu vəziyyətdən az itkilərlə çıxaq.

Koronavirus pandemiyasının ilk vaxtlarından vətəndaşların sağlamlığının qorunması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə virusun geniş yayılmasının qarşısının alınması üçün ölkə ərazisində çevik və sistemli tədbirlər həyata keçirildi. Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyətə başlaması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, karantin rejiminin tətbiqi məhz koronavirusla effektiv mübarizəyə xidmət edir. Ölkəmizə Avropa istehsalı olan laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr vaxtında gətirilərək tibb müəssisələrinə təhvil verildi. Bundan başqa ölkədə 46 xəstəxana koronavirus xəstələrinə xidmət göstərmək üçün ayrıldı. "Yeni Klinika" fəaliyyətə başladı. Görülən bu və digər tədirlər insanların sağlamlığına yönəlib. Təbii ki, görülən tədbirlər dünya statistikasına baxdıqda ölkəmizdə əldə edilmiş nəticələri göstərir.

Bu günə qədər ölkə üzrə ümumi ölüm faizi 1.1 faiz təşkil edir. Dünya ölkələrində isə daha yüksəkdir. Belə ki, Türkiyədə bu rəqəm 2.1 faiz, Böyük Britaniyada 3.6 faiz, ABŞ-da 2 faiz, Kanadada 3.2 faiz, Avropa İttifaqı ölkələrində isə 2.3 faiz təşkil edib. Azərbaycanda ötən həftədə 25 min 895 nəfər koronavirusa yoluxması vəziyətin olduqca kəskin hal almasını göstərir. Koronavirus səbəbindən hər gün onlarla insanın həyatını itirməsi yüksək göstəricidir. Statistik rəqəmlərə istinad etsək görərik ki, gündəlik yoluxmalarda müayinə əmsalında 29 faiz ən yüksək göstərici olaraq aşkarlanıb.

Unutmamalıyıq ki, bu statistik göstəricilər səhiyyə sisteminin normal fəaliyyəti üçün çox böyük çətinliklər yaradır. Bu artım bir tərəfdən mövsümi faktorlarla bağlı olsa da, digər tərəfdən insanların məsuliyyətsizliyidir. Qlobal məsələyə çevrilən koronavirusla mübarizədə həmrəylik əsas şərtlərdən biridir. Bu gün mütəxəssislərin qənaətinə görə, sərt tədbirlərə ehtiyac zəruri hesab olunur. Sərt tədbirlər görülərsə, yayılmanın qarşısı o zaman alınacaq. Yoluxma saylarını azaltmaq üçün isə biz bir vətəndaş olaraq insanlarla təmasları məhdudlaşdırmalı, tələb olunan qaydalara əməl etməliyik. Bu günün reallıqları təcrid olunmaq üçün qeyd olunun vasitələrdən düzgün istifadə etməkdir. İctimai nəqliyyatda, qapalı məkanlarda maskalardan, gigeyenik qaydalardan düzgün istifdə edək. COVID-19 pandemiyası ilə mübarizədə birlik göstərib, qalib olaq.

Nəzakət ƏLƏDDİNQIZI