Paşinyan xalqını cəhənnəmə göndərdi TƏHLİL

3 Dekabr 2020 13:53 (UTC+04:00)

KTMT-nin onlayn konfransı zamanı Rusiya prezidenti Vladimir Putin Ermənistanın məğlub olmuş lideri Nikol Paşinyanın fəaliyyəti barədə çox ətraflı danışıb. Məhz Paşinyan barədə ürək dolusu danışan Putinin sadaladıqları təriflər sanki, məğlub lider haqda deyildi. Rusiya prezidenti Ermənistanın baş nazirinin məğlubiyyətini rəsmiləşdirən sənədə imza atmasını hətta, "şəxsi cəsarət" kimi xarakterizə edib. Çünki, bu sənədə imza atmaqla məğlubiyyətini etiraf edən erməni baş nazirini nələrin gözlədiyini Putinlə bərabər Nikolun özü də yaxşı bilirdi və bu gün erməni cəmiyyətində baş verən kataklizmlərə, Ermənistandakı xaosa, Paşinyana qarşı səsləndirilən istefa çağırışlarına, ünvanına yağdırılan təhqirlərə baxanda buna tam əmin olmaq olur.

Rusiya lideri Ermənistanın, erməni xalqının son zamanlar çətin bir dövr keçdiyini də vurğulayıb. Qeyd edib ki, bu çətin dövrdə Ermənistan rəhbərliyi, hökumət başçısı çox çətin, lakin Ermənistan xalqı üçün lazımlı bir qərar verməli idi. Putin onu da xatırladıb ki, bu qərarlar erməni xalqı üçün ağrılı oldu. Amma bir daha onu da diqqətə çatdırıb ki, ağrılı olsa da, çətin olsa da belə bir qərar verilməsi lazım idi və belə bir qərarın qəbul edilməsi məsuliyyətli seçim idi.

Ancaq Vladimir Putin indiyə qədər KTMT üzvü ölkələrindəki qlobal vəziyyətə toxunaraq qeyd edib ki, inqilabla başa çatan Qırğızıstandakı hadisələrdən sonra, Belarusiyadakı seçkilərdən sonrakı siyasi vəziyyət və Dağlıq Qarabağdakı son hərbi əməliyyatlarla retrospektiv olaraq fəsadlar yaranıb. Belarusiyada keçirilən prezident seçkilərindən sonra baş verənləri şərh edən Rusiya prezidenti, "müxtəlif ölkələrdəki rəngli inqilabların cəhənnəmə səbəb olduğunu" xüsusilə vurğulayıb. Bu fikirləri fonunda Putin, "ölkələrdəki rəngli inqilablar cəhənnəmə aparır", deməklə, Paşinyanın öz xalqını cəhənnəmə göndərdiyinə çox böyük ustalıqla ehyam vurub və bunu da erməni cəmiyyəti hiyləgərcəsinə başa düşüb. Əbəs yerə deyil ki, indi Ermənistan mətbuatı bar-bar bağırır ki, Putin Paşinyanı guya tərifləyir, amma bütövlükdə erməni cəmiyyətini yola gətirmək üçün tovlayır.
Erməni mediası Putinin Ermənistan baş nazirini ələ saldığını yazır. Hətta, qeyd olunur ki, Rusiya prezidenti Paşinyanı zombiləşdirib və bir növ, tərifləməklə, cəsarətli addım atmasını deməklə, Putin onu öz marianetinə çevirib. Əslində, işğalçı ölkə mətbuatı öz baş nazirini Rusiyanın, rusların marianeti kimi təsvir edir. Amma, diqqətə çatdırmaq lazımdır ki, bəli, Nikol Paşinyan marianetdir, lakin təkcə Rusiyanın deyil, xüsusilə, Qərbin marianetidir. İndi bu marianetin ipi əgər Rusiya prezidentinin əlində ona görədir ki, Qərbin başı öz problemlərinə, seçkilərə və sair məsələlərə qarışıb. Ola bilsin ki, ən qısa zamanda təkcə Rusiya deyil, digər ölkələrin liderləri də Ermənistan baş nazirinin ipini əlinə alacaq və bu marianet bu dəfə də həmin ölkələrin istədiyi kimi davranacaq. Amma bütün hallarda bu ondan xəbər verir ki, bu işğalçı ölkənin baş naziri bir oyuncaqdır və o kənardan idarə olunur. Belə olan halda da ölkəsinin suverenliyindən, müstəqilliyindən danışması, ermənilərin müstəqillik iddiasında olması absurd səslənir. Bu ölkə, bu işğalçı dövlət öz terrorçuluq, separatçılıq siyasəti ilə, bir küçə nümayişçisinin vədlərinə aldanaraq onun dalınca düşməklə öz istiqamətini, Putin dediyi kimi cəhənnəmə doğru yönəldib.

Diqqət edəndə görürük ki, Rusiya prezidenti Nikola çox ehyamlar vurub. Məsələn, onun, “hadisələrdə xarici dünyanın müdaxiləsi, maliyyə dəstəyi, məlumat dəstəyi, siyasi dəstək göstərməsi narahatlığa səbəb olur”, deməsi təsdiq edir ki, Rusiya Ermənistana xarici müdaxilənin edilməsini yaxından izləyir və heç də buna biganə deyil. Yəni, başda elə Nikol özü olmaqla ruslar erməniləri yalnız öz marianetləri kimi təsəvvür edə bilirlər, Soros kimilərinin marianeti kimi yox.

“Ərəb Baharı deyilən dövrdə Ərəb dünyasında hadisələrin necə inkişaf etdiyini gördük və bu nə gətirdi?”, deməklə də Putin Paşinyanın Ermənistandakı rəngli inqlabını nəzərdə tuturdu. Rusiya lideri “bu niyyətlər cəhənnəmə yol açıq” deyib və indi Ermənistanın hansı vəziyyətdə olmasının səbəblərini ustalıqla, məharətlə şərh edib ki, bunun da nəyə aid edildiyi bəlli məsələdir. Hətta digər dövlətlərin daxili işlərinə qarışmalara da, müdaxilələrə də biganə qalmadığı gizlətməyib Rusiya prezidenti.
Bəli, Vladimir Putin əslində, erməni baş nazirini tərifləmədi, onu ələ saldı və 2018-ci ildə məxməri inqilabını həyata keçirərək Nikol paşinyanın erməni xalqını cəhənnəmə göndərdiyini çox açıq şəkildə bildirdi. İnsanlara xoşbəxtlik və qürur vəd edən, lakin onları cəhənnəmə aparan, çox şeylərdən məhrum edən birini təsvir və ifşa edib əslində. Minlərlə qurban, yaralı, itkin və əsir olmasına səbəbkar olan birisini hansı sözlərlə və necə təsvir edilə bilərdi axı Rusiya prezidenti? Bir sözlə, Vladimir Putin açıq şəkildə ehyam vurdu ki, Paşinyan xalqını cəhənnəmə göndərdi.