Polkovnik: “Xankəndi də, Xocalı da digər rayonlar kimi Azərbaycanın ərazi bütövlüyünə daxil olur” MÖVQE

3 Dekabr 2020 12:12 (UTC+04:00)

“Dekabrın 1-də Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Laçına bayraq sancması videoları yayılıb. Bu, danılmaz faktdır. Cənab Prezident dediyi kimi, dəhliz Laçın şəhərinin içindən keçir”. SİA xəbər verir ki, bu fikirləri hərbi ekspert, polkovnik Şair Ramaldanov bildirib. Onun sözlərinə görə, yeni dəhliz tikilənə qədər ərazidə Rusiya sülhməramlıları dayanacaq: “Yeni dəhliz Laçın şəhərinin infrastrukturuna mane olmayacaq. Həmin işlər qısa zamanda görüləcək. Azərbaycanın digər rayonlarında olduğu kimi, Laçında da Azərbaycanın dövlət və hakimiyyət orqanları işləyəcək. Sadəcə olaraq, təhlükəsizlik məsələlərinə ilkin olaraq Rusiya, az sonra isə Türkiyə, Rusiya sülhməramlıları nəzarət edəcək. Dəhliz Xankəndidə yaşayan ermənilərin gedib gəlməsi üçün tikilir. Sülhməramlılar dəhlizin təhlükəsizliyini təmin edəcəklər. Laçında Azərbaycan qanunları işləyəcək. Ermənistanla sərhədin Laçın ərazisində də təbii ki, Azərbaycan Silahlı Qüvvələri xidmət aparacaqlar”.

“Ermənilər Bakıda yaşayıb Azərbaycan vətəndaşlığını qəbul etdikləri kimi Xankəndində, Xocalıda yaşayanlar da bunu etməlidirlər”

“Azərbaycanın işğaldan azad olunan ərazisində işğalçı qüvvələrə məxsus 1 dənə hərbi hissə və ya bölmə yoxdur. Heç bir narahatlığa əsas yoxdur”, deyə qeyd edən Ramaldanov onu da bildirib ki, hazırda çoğrafi olaraq keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində ermənilər yaşayan yerlərlə bağlı da narahatlığa əsas yoxdur: “Cənab Prezident çıxışlarında deyir ki, hər hansı bir status söhbəti yoxdur. Bu o deməkdir ki, Xankəndi də, Xocalı da digər rayonlar kimi Azərbaycanın ərazi bütövlüyünə daxil olur və Azərbaycan sərhədləri daxilində hansı qanunlar işləyirsə, o rayonlarda da həmin qanunlar işləyəcək. Bu məsələ də gec-tez həllini tapacaq. Azərbaycan işğaldan azad edilən 7 rayonda infrastrukturun bərpası yönündə işlərə başlayıb. Digər rayonlarda, hansılarda ki, ermənilər məskunlaşıb, orada işlər Rusiya sülhməramlılarının nəzarəti altında gerçəkləşəcək”.

Şair Ramaldanova görə, hazırda Azərbaycan ərazisində yaşayan ermənilər tədricən Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. “Ermənilər Bakıda yaşayıb Azərbaycan vətəndaşlığını qəbul etdikləri kimi Xankəndidə, Xocalıda yaşayanlar da bunu etməlidirlər. Digər məsələlər də Azərbaycan qanunları çərçivəsində sivil şəkildə həll olunacaq. Başqa yol yoxdur”, deyə ehtiyatda olan polkovnik vurğulayıb.

Rövşən RƏSULOV