Jurnalistlər ilin futbolçusunu seçdi

3 Dekabr 2020 10:45 (UTC+04:00)

İdman jurnalistlərinin versiyasına əsasən dünyanın ən yaxşı futbolçusu müəyyənləşib. SİA xəbər verir ki, bu barədə "Goal.pt" nəşri sorğu aparıb. Səsvermə nəticəsində Polşa yığmasının və Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski 197 xalla bütün rəqiblərini qabaqlayıb.

İngiltərə "Mançester Siti"sində çıxış edən Belçika millisinin üzvü Kevin De Bruyne 68 xalla ikinci, İtaliya "Yuventus"unun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu isə 53 xalla üçüncü olub. İspaniyanın "Barselona" klubunun argentinalı ulduz futbolçusu Lionel Messi 45 xalla 4-cü yerlə kifayətlənib.

Səsvermədə azərbaycanlı jurnalist Rasim Mövsümzadə də iştirak edib. O, ilk üçlüyə "Bavariya"nın oyunçuları Robert Levandovski, Manuel Noyer və Serj Qnabrini, dördüncü yerə İngiltərə "Liverpul"undan Sadio Maneni, beşinci pilləyə isə Almaniyanın "Borussiya" (Dortmund) komandasından Erlinq Holandı layiq görüb.

Qeyd edək ki, Rasim Mövsümzadə "France Football" nəşrinin təsis etdiyi "Qızıl top"un verilməsində səsvermələrə qatılır. Nəşr bu il koronavirus pandemiyası səbəbindən mükafatı təqdim etməyib.