BMT, Avropa Birliyi və Dünya Bankı Beyrut şəhərini bərpa etmək üçün plan hazırlayıb

3 Dekabr 2020 07:23 (UTC+04:00)

BMT, Avropa Birliyi və Dünya Bankı 2020-ci ilin avqust ayında Livanın paytaxtı Beyrut şəhərinin dəniz limanında baş vermiş güclü partlayışdan sonra şəhəri bərpa etmək üçün plan hazırlayıb.

SİA xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Livana humanitar yardım toplamaq məqsədi ilə Fransanın təşəbbüsü əsasında keçirilən onlayn beynəlxalq konfransdakı çıxışında bildirib.

“Ən çox ziyan görmüş vətəndaşların dəstəklənməsinə daha çox səy göstərməliyik”, - Baş katib belə deyib.

O, Dünya Bankı, AB və BMT tərəfindən hazırlanmış və Beyrutda “islahat, bərpa və yenidənqurma” işlərinin aparılması məqsədi daşıyan ortaq bir planın yaxın zamanda öz işinə başlayacağını elan edib:

“Bu planın köməkliyi ilə biz birlikdə Livan xalqına fövqəladə vəziyyət mərhələsini aşmaqda və uzunmüddətli bərpa və yenidənqurma yoluna qədəm qoymaqda kömək edə bilərik. Beyrutun, xüsusilə də limanın, eləcə də ziyan görmüş ərazilərin və əhali qruplarının bərpası və yenidən qurulması ehtiyaclarına cavab verə bilərik”.