Bayden FTB-nin hazırkı rəhbərini vəzifəsində saxlamağı düşünür - “The New York Times” qəzeti

3 Dekabr 2020 00:03 (UTC+04:00)

ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden 2021-ci il yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə qədər vəzifədə qalacağı təqdirdə Federal Təhqiqatlar Bürosunun (FTB) hazırkı rəhbəri Kristofer Reyi dəyişdirməyi planlaşdırmır.

SİA xəbər verir ki, bu barədə “The New York Times” qəzeti Baydenin nümayəndələri arasındakı mənbəyə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, Demokratın keçid komandası “Tramp işdən çıxarmayacağı təqdirdə FTB direktorunu vəzifəsindən kənarlaşdırmayacaq”. Qəzet məlumatın təsdiqlənməsi üçün Baydenin mətbuat xidmətinə müraciət etsə də, müraciət hələ cavablandırılmayıb.

Nəşr xatırladır ki, ABŞ-da bir administrasiyanın işləri digərinə ötürülərkən aparılan kadr dəyişikliyi, bir qayda olaraq, FTB direktoruna təsir etmir. Əks halda, belə bir mühüm addım üçün ətraflı əsaslandırma tələb oluna bilər.

Qeyd edək ki, “Washington Post” qəzeti oktyabr ayının sonlarında yazdığı bir məqalədə hazırkı Prezident Donald Trampın 3 noyabr seçkilərindən sonra K.Reyin və Baş prokuror Uilyam Barrın vəzifədən azad edilməsi məsələsini öz məsləhətçiləri ilə dəfələrlə müzakirə etdiyinə diqqət çəkib. Tramp Respublikaçıların dəfələrlə korrupsiyada günahlandırdığı Cozef Bayden və onun oğlu Hanter haqqında araşdırma aparmamaları səbəbindən Rey və Barrın işindən narazı qalmışdı.