"Sizdən bizə qalan bu yükü övladlarımıza miras qoymamalıyıq"

2 Dekabr 2020 17:35 (UTC+04:00)

Laçının Xanalılar kəndində şəhid olan polkovnik leytenant Ruslan Fuad oğlu Tağıyev

1 Dekabr, 2020-ci il tarixində Azərbaycanın əzəli torpağı olan Laçın rayonu öz sahibinə - azərbaycanlılara qaytarıldı. Öz torpaqlarını işğaldan azad olunması uğrunda, istiqlal yolunda şəhid olanları xalqımız heç vaxt unutmayacaq və yüksək tutacaqdır. Belə igidlərdən biri də noyabr ayının 4-ü Laçının Xanalılar kəndində şəhid olan və şəhid general-mayor Polad Həşimovun yaxın dostu, döyüş yoldaşı olan polkovnik leytenant Tağıyev Ruslan Fuad oğludur. O, 1982-ci ildə iyun ayının 12-də İsmayıllı rayonunun Qubaxəlilli kəndində dünyaya göz açıb. İsmayıllı rayonu 3 sayılı orta məktəbdə orta təhsilini başa vurub. 1999-cu ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2004-2005-ci illərdə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda "N" saylı hərbi hissədə tabor kəşfiyyat tağım komandiri, 2005-2010-cu illərdə Kəngərli rayonunda "N" saylı hərbi hissədə kəşfiyyat bölük komandiri, 2010-2012-ci illərdə Culfa rayonunda "N" saylı hərbi hissədə kəşfiyyat bölmə rəisi olub.

2012-2014- cü illərdə Ali Hərbi Akademiyada təhsilini davam etdirir. 2014-2017-ci illər arasında Şəmkir rayonu "N" saylı hərbi hissədə kəşfiyyat şöbə rəisinin baş köməkçisi rəisi, 2017-2020-ci illər arasında Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Vətənə xidməti ərzində bir sıra sertifikatlar, medallar və təşəkkürnamələr ilə təltif olunub.

2019-cu ilin fevral və iyun aylarında ikili razılaşma əsasında Çinin Pekin şəhərində ölkəmizi təmsil edib və hərbi biliklərini artırmaq məqsədilə təhsilini davam etdirib. 2020-ci ilin oktyabrında isə Türkiyəyə doktorantura təhsili almağa yollanacaqdı. Lakin Vətən müharibəsi başlayan zaman övladları olan Fuad, Polad və 3 yaşlı Nurayı həyat yoldaşına əmanət edərək ezamiyyətə gedirəm, deyir, ailəsi bir neçə gün sonra onun döyüşdə olduğunu öyrənir. Atası ilə söhbəti zamanı bu sözləri deyir: "Sizdən bizə qalan bu yükü övladlarımıza miras qoymamalıyıq".

Həyat yoldaşı dəfələrlə diqqətli, ehtiyatlı olmağı ona tapşırsa da polkovnik-leytenant şəhidlərin heç birindən artıq olmadığını bildirir.

Qardaşı Həsən Tağızadənin sözlərinə görə, "Verilən məlumatlara əsasən, onun artilleriya atəşinə tutulan əraziyə tək başına "pikap" tipli nəqliyyat vasitəsilə gedərək şəhidləri, yaralıları, üzvləri qopmuş yaralıları çıxardığını bilirik".

Vətən uğrunda canını fəda edən igid zabitimiz vətən müharibəsində bir çox strateji yüksəkliklərin alınmasında fəal şəkildə iştirak edir. Füzuli, Zəngilan, Cəbrayıl rayonlarında gedən şiddətli döyüşlərdə iştirak edir, son döyüşü isə Laçının Xanalılar kəndində olur. Döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olur. 38 illik ömrünün 21 ilini vətən xidmət edir və 21 illik vətənə qüsursuz xidməti ilə bağlı vətən müharibəsindən əvvəl medal ilə təltif olunur.

Ruhun şad olsun igid vətən oğlu, Azərbaycan səni heç vaxt unutmayacaq.

Nəzakət ƏLƏDDİNQIZI