Sülhəddin Əkbər: “Verilən canlar, tökülən qanlar hədər getmədi” RƏY-ÖZƏL

2 Dekabr 2020 14:56 (UTC+04:00)

“9 bəndən ibarət olan 10 noyabr bəyanatını, əslində, siyasi razılaşma da adlandırmaq olar. Bəyanatın əsas bəndlərindən biri də, məhz təslimçilik aktına əsasən, Ermənistanın Azərbaycanın işğal altında olan ətraf rayonlarının qaytarılması idi və Laçının qaytarılması ilə bu proses demək olar ki, başa çatdı”. Bunu SİA-ya açıqlamasında Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib.

Onun sözlərinə görə, Laçının azad edilməsi ilə qarşıda yeni işlərin görülməsi dayanır: “Fürsətdən istifadə edərək, Laçının azad edilməsi münasibətilə Azərbaycan xalqını, dünya azərbaycanlılarını, türk dünyasını və xüsusilə də, laçınlıları təbrik edirəm. Təbii ki, qarşıda quruculuq işlərinin görülməsi durur. Bu işlərin görülməsi və insanların öz doğma yurdlarına qayıtması zaman istəyir. Amma artıq onlar qaçqın deyillər, bu, böyük bir qələbədir və bu qələbə münasibəti ilə Müzəffər Azərbaycan ordusunu, Ali Baş Komandanı təbrik edirəm. Bu anda biz şəhidlərimizi anmasaq, mənə elə gəlir ki, böyük qəbahət olar. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin və bütün şəhid ailələrinə Allahdan səbr diləyirəm. Verilən canlar, tökülən qanlar hədər getmədi. 44 günlük müharibə ilə Azərbaycan işğal altındakı torpaqlarını azad etdi. Artıq Qarabağımızda üçrəngli bayrağımız dalğalanır. Bir daha qeyd etmək istəyirəm ki, Laçının təhvil verilməsindən öncə, Ağdam və Kəlbəcər rayonları qaytarılmışdı. Bununlada bəyanatda nəzərdə tutulan bəndlər artıq yerinə yetirilmiş oldu. Amma irəlidə çoxlu böyük görüləsi işlərimiz var və biz rahatlanmamalıyıq. Yəni bu, bizi arxayın salmamalıdır. Çünki irəlidə bizi ciddi işlər və sınaqlar gözləyir”.