DQİDK sədri “Samaritan’s Purse” təşkilatının vitse-prezidenti ilə görüşüb

1 Dekabr 2020 18:15 (UTC+04:00)

Dekabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı "Samaritan’s Purse" təşkilatının Proqramlar və Hökumət Əlaqələri üzrə vitse-prezidenti Ken İsaasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, görüş zamanı DQİDK sədri qonaqlara Azərbaycandakı dini vəziyyət, nümunəvi dövlət-din münasibətləri, Dövlət Komitəsinin fəaliyyət istiqamətləri, eləcə də konfessiyalararası harmoniya və tolerantlıq modeli barədə məlumat verib.

Bildirib ki, ölkəmizdə multikulturalizm, dini həmrəylik mühitinin və sivilizasiyalararası dialoqun təşəkkülünə dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycanda müxtəlif dinlərə eyni ehtiram göstərilir, bütün konfessiyaların nümayəndələri Prezident İlham Əliyevin daimi diqqət və qayğısı ilə əhatə olunub.

Təşkilat nümayəndələrini Qarabağ həqiqətləri barədə də məlumatlandıran Komitə sədri müharibə nəticəsində dağıdılmış infrastruktur, yaşanmış faciələr, Ermənistan silahlı qüvvələrinin insanlıq əleyhinə törətdiyi cinayətlər, düşmənin Azərbaycanın işğal edilmiş ərazilərində maddi-mədəni, dini irsin talan və məhv edilməsi ilə bağlı mənfur əməlləri haqqında danışıb. Eyni zamanda hazırda işğaldan azad olan ərazilərdən çıxan ermənilərin vandal hərəkətləri – evləri, meşələri yandırmaları diqqətə çatdırılıb. Qeyd edib ki, Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında xalqımıza məxsus bütün tarixi, dini, mədəni abidələri məhv etməsinə baxmayaraq, Azərbaycan həmişə başqa dinlərə və mədəniyyətlərə tolerantlıq nümayiş etdirmə prinsipinə sadiq qalaraq Bakının mərkəzindəki erməni kilsəsini qoruyub saxlayıb, o cümlədən hazırda Azərbaycanda minlərlə erməni yaşayır və cəmiyyətin bütün sferalarında təmsil olunublar.

Söhbət zamanı ölkəmizin qlobal bəla kimi dünya əhalisinin sağlamlığına təhdid yaradan koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə toxunan DQİDK sədri bildirib ki, bu istiqamətdə ölkə vətəndaşlarının sağlamlığının qorunması məqsədilə Azərbaycan dövləti tərəfindən çevik və məqsədyönlü siyasət aparılır, eləcə də bir neçə ölkəyə yardımlar edilir. Eyni zamanda 4 may 2020-ci il tarixində Qoşulmama Hərəkatının hazırkı sədri cənab İlham Əliyevin təşəbbüsü əsasında QH-ə üzv ölkələrin Covid-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü baş tutub, həmçinin dövlət başçısının digər önəmli addımı ilə BMT Baş Assambleyasının koronavirusa qarşı xüsusi sessiyasının keçirilməsi təklifi beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənib və bu ay reallaşacaq. Səmimi qəbula görə təşəkkürünü bildirən "Samaritan’s Purse" təşkilatının Proqramlar və Hökumət Əlaqələri üzrə vitse-prezidenti Ken İsaas xalqımızı tarixi qələbə münasibətilə təbrik edib. Laçının işğaldan azad olunması münasibətilə bu gün şəhərimizdəki qələbə əhval-ruhiyyəsinin şahidi olduğunu bildirən qonaq müharibə dövründə münaqişə zonasında olmayan şəhər və rayonların atəşə məruz qalmasından dərin təsirləndiyini vurğulayıb. Təmsil etdiyi xeyriyyə təşkilatının fəaliyyət istiqamətləri barədə məlumat verən Ken İsaas təşkilatın xüsusilə COVİD-lə mübarizə sahəsində təcrübəsi barədə danışıb, o cümlədən səfərlərinin karonovirusla mübarizə sahəsində ölkəmizə dəstək göstərmək niyyəti daşıdığını vurğulayıb.

Qeyd edək ki, dünyada insanlara mənəvi və fiziki yardım göstərən, Yevangelist xristian təşkilatı olan Samaritan (Fondu) 1970-ci ildən bəri fəaliyyət göstərir.

Fond xristian missionerlik fəaliyyətinin əsas hissəsi kimi fiziki ehtiyacı olan insanlara yardım göstərən humanitar bir xristian təşkilatıdır. Təşkilatın prezidenti xristian yevanqelist Billi Qrahamın oğlu Franklin Qrahamdır. Onların beynəlxalq mərkəzi Şimali Karolina ştatının Bune şəhərində yerləşir.