Ermənistan: Hakim partiyanı tərk edənlər artır

1 Dekabr 2020 16:15 (UTC+04:00)

Ermənistandakı hakim "Mənim addımım" blokunun parlament fraksiyasından başqa bir millət vəkili də uzaqlaşıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə 1 dekabr tarixində millət vəkili Qor Qevorkyan öz Facebook səhifəsində yazıb.

O, qeyd edib ki, Paşinyan Milli Məclisdəki konstitusiya çoxluğunu itirib: “Bu dövrdə aşkara çıxan müəyyən reallıqlara əsaslanaraq, dövlətimizin qarşısında duran bir sıra əsas problemli məsələlər üzrə əsas fikir ayrılıqlarına əsaslanaraq “Mənim addımım” blokunun fraksiyasını tərk etməyə və müstəqil deputat olaraq seçicilər qarşısında vəzifələrimi yerinə yetirməyə davam etməyə qərar verdim”.

Xatırladaq ki, beləliklə, “Mənim addımım”ın parlamentdə cəmi 85 deputatı qalıb, yəni Paşinyan Milli Məclisdəki konstitusiya çoxluğunu artıq itirib. Daha iki millət vəkili də mandatlarından imtina etdiklərini elan ediblər, lakin qərarın yenidən nəzərdən keçiriləcəyi və işlərində qalıb-qalmayacaqları hələ məlum deyil. “Mənim addımım” dan olan millət vəkilinin sayı 79-a endirilsə, o zaman blok məcəllələrin aid olduğu konstitusiya qanunlarını qəbul edə və namizədlərini, məsələn Mərkəzi Bank və ya MSK rəhbərlərini əsas vəzifələrə təyin edə bilməyəcək.