YAP-ın gəncləri Şəhidlər Xiyabanına yürüş ediblər FOTOLAR

1 Dekabr 2020 16:03 (UTC+04:00)

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Laçının işğaldan azad olunması ilə bağlı xalqa müraciətindən sonra Yeni Azərbaycan Partiyasının gəncləri Şəhidlər Xiyabanına yürüş ediblər.

Yürüşdən sonra YAP İcra Katibliyinin Gənclərlə iş qrupunun rəhbəri Elmar Məmmədov SƏS TV-yə açıqlamasında bildirib ki, bu gün 28 illik işğala son qoyularaq Laçın rayonu işğaldan azad olundu: “Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Laçın rayonunun qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir. Azərbaycan öz ərazi bütövlüyünü öz gücü və əzmi ilə bərpa etdi. Laçın da Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Bugünkü tarixi gün münasibətilə mən bütün xalqımızı, əziz laçınlıları səmimi qəlbdən təbrik edirəm, dədə-baba torpaqlarımıza qayıtdığımıza görə göz aydınlığı verirəm. Təşəkkürlər Cənab Prezident və müzəffər Azərbaycan ordusu! Laçın bizimdir! Qarabağ Azərbaycandır!”.

Həmçinin qeyd edək ki, Laçının işğaldan azad edilməsi münasibətilə bu gün bir qrup rayon sakini Şəhidlər Xiyabanını ziyarət edib. Onlar şəhidlərin xatirəsini ehtiramla yad edərək qələbə münasibətilə Azərbaycan xalqını təbrik ediblər.

Bununla belə dekabrın 1-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Laçının işğaldan azad olunması müjdəsini verdikdən sonra Bakı şəhərində avtomobil yürüşü keçirilib və Şəhidlər xiyabanı ziyarət edilib. Su İdman Sarayının yanından start götürən yürüş iştirakçıları paytaxtın küçə və prospektləri boyunca hərəkət ediblər. Şəhidlər xiyabanını ziyarət edən Bakı sakinləri və laçınlılar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıblar.

Əllərində Azərbaycan, Türkiyə və Rusiya bayraqları tutan insanlar “Laçın azaddır”, “Biz Laçına qayıdırıq”, “Yaşasın Ali Baş Komandan, Yaşasın Azərbaycan Ordusu!”, “Qarabağ Azərbaycandır!” şüarları səsləndirib, Müzəffər Ali Baş Komandanın portretini başları üzərinə qaldırıblar.

Yürüş iştirakçılarından bir neçəsi sevinc hisslərini bölüşüb.

Paytaxt sakini Nicat Məmmədov deyib: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi, qətiyyəti, rəşadətli Ordumuzun şücaəti, xalqın öz lideri ətrafında yumruq kimi birləşməsi Qələbəmizi təmin etdi. Bu gün Laçın rayonu işğaldan azad olundu. Ali Baş Komandanımız ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi. Bu gün tarixi gündür. Xalqımız dövlətimiz və ordumuzla qürur duyur, Vətən torpaqları uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsini ehtiramla yad edir”.

Digər müsahibimiz Muxtar Ələsgərov da Laçının işğaldan azad edilməsindən duyduğu sevinc hisslərini dilə gətirib: “Bu gün Laçın bizə qayıtdı, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Yaşasın Müzəffər Ali Baş komandan İlham Əliyev. Qarabağ Azərbaycandır!”.

Paytaxt sakini Rəşad Əliyev Laçının işğaldan azad edilməsinin Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olduğunu bildirərək ölkəmizin ərazi bütövlüyünün bərpasına görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq hissələrini ifadə edib.

Həmsöhbət olduğumuz digər yürüş iştirakçıları da Laçının azad olunmasını daha bir zəfər kimi qiymətləndirib, Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, nəhayət, Azərbaycanın dilbər guşələrindən biri olan Laçında üçrəngli bayrağımızın dalğalanmasından keçirdikləri qürur hissələrini dilə gətiriblər.