Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi - Rauf Əliyev

1 Dekabr 2020 18:54 (UTC+04:00)

"Azərbaycan Respublikasının Prezidenti Laçının işğaldan azad edilməsi münasibəti ilə Azərbaycan xalqına müraciət etdi. Cənab Prezident müraciəti zamanı Azərbaycan xalqını, eyni zamanda laçınlıları təbrik etdi. Cənab Prezident bildirdi ki, Laçın rayonunu işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilən parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev xalqa müraciətində qeyd etdiyi kimi, “Biz yeni reallıq yaratdıq, düşmənin başını əzərək, düşməni torpaqlarımızdan qovaraq yeni reallıq yaratdıq. Hər kəs reallıqlarla barışacaq, məcbur olub barışacaq, necə ki, Ermənistan barışdı” Azərbaycan işğalçı Ermənistan üzərində tam və qəti qələbə qazanaraq regionda yeni reallıq yaratdı: "Düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqların qeyri-şərtsiz dərhal boşaldılması barədə olan məlum qətnamələrini 44 gün ərzində icra etdi. Bu qətnamələr 27 il idi ki, kağız üzərində qalırdı. Bu qətnamələr 27 il idi ki, sadəcə olaraq, bir çoxları üçün kağız parçası idi, təkcə Ermənistan üçün yox, başqaları üçün də. Azərbaycan hesab edirdi ki, beynəlxalq hüquq bizim tərəfimizdədir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tələb edir ki, işğalçı qüvvələr torpaqlarımızdan çıxsın. Ancaq bunun nəticəsi olmadı. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra etdi, öz ərazi bütövlüyünü təmin etdi.

Bu möhtəşəm qələbənin əldə olunmasında ən mühüm amil Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının polad kimi möhkəm siyasi iradəsi olmuşdur. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi, siyasi və diplomatik sahədə qələbələrimizin simvoluna çevrildi".