"Paşinyan Rusiyaya qarşı növbəti kampaniyaya start verəcək" ÖZƏL-MÜNASİBƏT

1 Dekabr 2020 14:46 (UTC+04:00)

"Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya rəsmi səfərinin baş tutmaması, əsasən, prezident Armen Sarkisyanın Moskavada bu səfərə mane olmasıdır. Hətta Armen Sarkisyan Moskvada erməni iş adamları ilə görüşdə Paşinyan hökumətini istefaya çağırdı. Qeyd edim ki, prezident Armen Sarkisyan Koçaryan-Sarkisyan klanına yaxın şəxsdi və Moskva ilə təmasları mövcuddur. Məhz Moskvadan Armen Sarksiyanın Paşinyanı istefaya çağırması Kremllə razılaşdırılmış bir prosesdi. Məhz Nikol Paşinyanın Putin tərəfindən qəbul edilməməsi, Moskva üçün onunla danışıqlarda ona etimad edilməməsindən irəli gəlir". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, Baş nazir Nikol Paşinyan Rusiyaya rəsmi səfərində Putindən iqtisadi və Qarabağ məsələsində ciddi bir güzəştlər əldə etmək istəyirdi: "Bu da ona ölkə daxilində reytinqini yüksəltməyə, hakimiyyətini gücləndirməyə hesablayırdı. Hazırda müharibədə ciddi məğlubiyyətə uğrayan, müxalifəti təzyiqi ilə üzləşən Paşinyana Kremlin dəstəyi həyati əhəmiyyət kəsb edir. İqtisadi güzəştlər əldə etmək, əsasən, Rusiyadan qazın qiymətinin endirilməsi, yeni kreditlər alınmasını planlayırdı. Qarabağ məsələsində isə, buraya status-kvonun möhkəmləndirilməsi, Qarabağda erməni hərbi birləşmələrinin saxlanması daxildir.

Təbii ki, Rusiya prezidentinin Paşinyanın bu təkliflərini qəbul etməsi, onun hakimiyyətdə güclənməsinə və daxildə anti-Rusiya isteriyasını davam etdirməkdə köməyi olacaqdı. Moskva Paşinyanı etibar etmədiyini məhz onun Moskvaya rəsmi səfərini qəbul etməməklə göstərir. Nikol Paşinyan ölkə daxilində Rusiyaya qarşı növbəti anti-kampaniyaya start verəcək. Bir müddətdən sonra, Gümrüdən Rusiya hərbi bazasının çıxarılmasını müxtəlif vasitələrlə tələb edəcək. Rusiya Ermənistanda "Vətən" partiyasının sədri Artur Vanetsyan vasitəsilə yeni bir siyasi mərhələyə başlanması istiqamətində işlər aparır.

Ermənistanda siyasi vəziyyətin hansı istiqamətdə davam etməsinə baxmayaraq bu ölkənin Qarabağ məsləsində siyasi iradəsi tənəzzzülə uğrayıb. Azərbaycan bəzi məsələləri Rusiya ilə həll edəcək. Hətta Naxçıvana Qafandan keçməklə dəmiryolunun çəkilişini Rusiya ilə birgə həyata keçirəcək.

Göründüyü kimi Ermənistan siyasətçiləri Azərbaycanla normal qonşuluq prinsipləri üzrə əməkdaşlıq etməyəcəksə, bu ölkə Rusiyadan asılı olacaq. Ermənistanın 30 ilə yaxın işğal siyasəti fiaskoya uğramaqla yanaşı, Rusiyadan tam asılı vəziyyətə saldı və müstəqilliyinə zərbə vurludu. Nikol Paşinyan ölkəsini Azərbaycanla sülh danışıqlarına aparsa, bütün iddialarından əl çəkərsə, bu ölkə Rusiyanın təsirindən çıxa biləcək".