"Sənin nəsilin satqın damğasını daşıyacaq, bu, səni gözləyən ən azıdır” Tiqran Abramyan

1 Dekabr 2020 14:44 (UTC+04:00)

Dekabrın 1-də Azərbaycanın müzəffər Ordusunun Laçına daxil olmasından sonra onsuz da dağınıqlıq, pərakəndəlik və kütləvi narazılıq içində olan erməni ictimaiyyəti hakimiyyətə qarşı daha hiddətli çıxışlar etməyə başlayıblar. SİA xəbər verir ki, Ermənistanın “Enaket” analitik mərkəzinin təsisçisi və rəhbəri Tiqran Abramyan özünün “Facebook” sosial şəbəkə səhifəsində ötən il Laçın yolunda İrəvan dövlət universitetindəki dostları ilə ağac əkməsini xatırladaraq həmin vaxt bu torpaqlara “sahiblik” etdiklərini yazıb və həmin anın fotosunu da paylaşaraq, əslində haqq elədikləri pəjmürdəliyini sərgiləyib.

“Enaket”in rəhbəri əlbəttə ki, bu məsələdə baş nazir Nikol Paşinyanı hədəfə alıb: “Nikol, sən bizim ümidlərimizi xərclədin, bizim “tariximizi” (dırnaqlar bizimdir), “erməni qürurumuzu”, bizim təhlükəsizliyimizi - nə var idisə, hamısını düşmənə təslim etdin. Sənin nəsilin satqın damğasını daşıyacaq, bu, səni gözləyən ən azıdır”.

“Bizim ayağa qalxmağımız, güclü olmağımız, mübarizəni aparmaq şansını əldə etməyimiz üçün elə-belə başa gəlməyəcək”, deyə qeyd edən Abramyan bildirib ki, ayağa qalxmaq üçün illər, onilliklər lazımdır. O, bunu belə əsaslandırıb ki, əgər dayansalar, bu, bütünlüklə ermənilərin məhvi ilə nəticələnə bilər.

Rövşən RƏSULOV