Rusiya sülhməramlıları Laçında erməni bayrağını çıxardılar

1 Dekabr 2020 13:22 (UTC+04:00)

Noyabrın 30-da saat 18:00-da Laçın, Zabux və Sus yaşayış məntəqələrindəki sakinlərin öz evlərini tərk etmə müddəti başa çatıb. Bəzi ailələr bildiriblər ki, onlar qaldıqları yerləri tərk etməyə hazırlaşmırlar. Digər ailələr getməmişdən əvvəl evlərini yandırıblar. Üçtərəfli bəyanata görə, Laçın rayonu dekabrın 1-dək Azərbaycana verilməlidir.

Laçının qaulyayteri Müşeq Alaverdyan əvvəlcə insanların təhlükəsizlik baxımından evlərini tərk etdiklərini söyləmişdi. Ancaq bu gün məlumat alınıb ki, Rusiyanın sülhməramlı kontingentinin şəxsi heyətinə xidmət etmək üçün 200 nəfər Laçında qalmalıdır. Erməni jurnalist Arman Qəribyanın Laçından Ermənistanın lragir.am. nəşrinə verdiyi məlumatda belə deyilir.

Azərbaycan qoşunları gecəyarısı rayon ərazisinə daxil olub. Arman Qəribyanın sözlərinə görə, administrasiyada azərbaycanlıların icmalara nə vaxt gələcəyini bilmirlər: "Administrasiyanın əməkdaşları deyirlər ki, azərbaycanlılar rayona daxil olana qədər onlar burada qalacaqlar".

"Zabuxda evə qayıtmaq ümidi ilə onları yandırmırlar. Laçında isə evlər yandırılıb. Administrasiya rəhbəri deyir ki, Laçında çoxuşaqlı ailələr var və onlar getməkdən imtina edirlər, çünki getməyə yerləri yoxdur, gözləyirlər ki, azərbaycanlılar gəlsinlər, görsünlər necə olacaq", - deyə o vurğulayıb.

Berdzorda əsasən Ermənistan sakinləri yaşadıqlarına görə, onlar yenidən Ermənistana qayıdırlar.

"Ruslar artıq gəlib Laçın meriyasından erməni bayrağını çıxarıblar və qaulyayterə veriblər. Deyirlər ki, kimlərsə qala bilər, çünki ruslara xidmət edən briqada lazımdır", - deyə o qeyd edib.