"Dünya ölkələri arasında Azərbaycanın nüfuzu daha da artdı" ÖZƏL-MÜNASİBƏT

1 Dekabr 2020 10:25 (UTC+04:00)

"Hər bir xalq keçdiyi tarixi yola, mədəniyyətinə, milli mənəvi dəyərlərinə uyğun əlamətdar günləri bayram olaraq müəyyənləşdirir. Bu bayramların bəziləri mənsub olduğumuz milli-dini, digərləri isə müstəqilliyimiz, onun bərpası, dövlət quruculuğu ilə əlaqədar qeyd olunur. Amma 10 noyabrdan başlayaraq, dünya azərbaycanlılarının qeyd etdiyi Böyük Qələbə bayramının sevinci, bəxş elədiyi xoşbəxt hisslər tam fərqlidir". Bunu SİA-ya millət vəkili Nəsib Məhəməliyev deyib.

Deputatın sözlərinə görə, XX əsrin sonlarında taleyin hökmü ilə xalqımız sınağa çəkildi: "Tarixi şəraitin yaratdığı boşluqdan sui-istifadə edən bədnam qonşularımız Dağlıq Qarabağı və ətraf rayonları işğal etdi. 30 il ərzində dünya erməniliyinin və havadarlarının dəstəyi ilə güclü müdafiə istehkamları qurmasına baxmayaraq, müzəffər ordumuz cəmi 44 gün ərzində düşmən ordusunu darmadağın etdi. Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin tətbiq etdiyi strategiya və taktika dünya hərb tarixində özünəməxsus yer tutdu. Hər bir azərbaycanlının qəlbində xüsusi yeri olan Şuşanın azad edilməsi əməliyyatı isə, ən yüksək rəğbətə layiqdir. Bu böyük Qələbədir və Azərbaycan Ordusunun, Ali Baş Komandan İlham Əliyevin xalqa bəxş etdiyi, tariximizə qızıl hərflərlə yazdığı Qələbədir.

Milliyətindən, dinindən, irqindən asılı olmayaraq, hər bir azərbaycanlı bu Qələbənin əldə olunmasının çətinliyini, bütün etik normaları inkar edən, xəstə təfəkkürlü düşmənin əksər güclü dövlətlər tərəfindən dəstəkləndiyini gözəl başa düşür. Xoşbəxtlikdən bütün çətinliklərə sinə gərməyi bacaran, xalqın maraqlarını hər şeydən üstün tutan, beynəlxalq münasibətlər sistemini, tarixi və geosiyasi reallıqları yüksək səviyyədə mənimsəmiş cənab İlham Əliyev kimi Liderimiz var. Məhz Onun zərgər dəqiqliyi ilə ölçüb-biçdiyi siyasi-diplomatik, hərbi-strateji gedişləri, 10 milyonluq xalqı öz ətrafında yumruq kimi toplamaq bacarığı, tarixi Qələbəmizi təmin etdi.

Allah şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun. Qazilərimizə şəfa versin. Onların Vətən sevgisi, torpaq uğrunda ölümün gözünə dik baxmaları, dünya ölkələri arasında Azərbaycanın nüfuzunu daha da artırdı. Minilliklər keçəcək, dünya durduqca Ali Baş Komandan və Vətən müharibəsinin bütün iştirakçıları gələcək nəsillər tərəfindən minnətdarlıqla anılacaqlar. Bu möhtəşəm Qələbənin yaratdığı əhval-ruhiyyəni isə sözlə ifadə etmək yox, onu bütün varlığınla yaşamaq lazımdır".